Azyaşlı qızları və həyat yoldaşı Azərbaycandan Suriyaya qaçaraq İŞİD-ə qoşulan İlqar Yusifov yeni şok faktlar açıqlayıb.
AzNews.az-a müraciət edərək dövlət qurumlarından şikayət edən iki qız atası heç bir qurumun onun işinə baxmadığını bildirib.
İ.Yusifov məsələ ilə bağlı keçmiş Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə ərizələrlə müraciət edib, qəbullarda olub. Ona məsələnin araşdırılacağı bildirilsə də, işin üstündən aylar keçməsinə rəğmən hələ də bir nəticə hasil olmayıb.
İ.Yusifovun sözlərinə görə, qurumlar işin baxılmasını bir-birinə yönləndirir: “MTN-ə gedirdim deyirdilər get “Bandotdel”ə, ora gedirəm deyirlər get Prokurorluğa, Prokurorluğa müraciət edirəm, Polis İdarəsinə göndərirlər. Beləcə nə işə baxan var, nə də ailəmdən bir xəbər verən. Hətta MTN-in nümayəndələrindən biri məni hədələdi. Mənə yazıb ki, elə etmə ki, səni psixi pozğunluq damğası ilə ruhi dispanserə saldıraq”. (Şikayətçi bu hədələnmələrlə bağlı sübutları redaksiyaya təqdim edib – red.)
İ.Yusifov ailəsinin harada olduğunu müəyyənləşdirmək üçün İT mütəxəssislərinə də müraciət edib. Abşeron Rayon Polis İdarəsinin İlqarla tanış etdiyi mütəxəssis həyat yoldaşından gələn zənglərin və mesajların əslində Azərbaycandan göndərildiyini bildirib və dəqiq ünvan söyləyib: “Mənə xəbərdarlıq etdi ki, o ünvana tək getməyim. Lakin mən ailəmi tapmaq ümidilə getdim. Hətta həmin yerlərin fotolarını da çəkdim. Apardım Abşeron rayon Polis İdarəsinə. İdarənin baş leytenantı Mahir mənimlə oraya gəldi. Sonra telefonla kimləsə danışdı və mənə dedi ki, gedək idarəyə, rəis səni gözləyir. Qayıtdıq gəldik, heç kim məni qəbul etmədi. Dedilər ki, sən get evə, biz özümüz bu işlə məşğul olacağıq. Görünür, məni oradan uzaqlaşdırmaq istəyirdilər”.
Yusifovun işinə baxılmamasının səbəbini öyrənmək üçün Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi Emin Qəhərəmanovla əlaqə saxladıq.
Müstəntiq AzNews.az-a açıqlamasında bildirdi ki, iş gedir: “İlqar çox şey deyə bilər. İşlə bağlı istintaq davam etdirilir. Nəticəsi barədə rəsmi məlumat veriləcək. Onun deməyi ilə deyil ki. O, gəlib burda gündə bir hoqqa çıxarır. Ümumiyyətlə, bu işlə bağlı çox şey danışa bilmərəm. İstintaqın nəticəsi haqda rəsmi məlumat olacaq”.
Müstəntiq çox danışa bilməsə də, əslində, bir çox məsələlər aydındır. Ortalıqda ağır cinayət var: bir ailə terrorçu təşkilata qoşulub və bu qoşulma prosesində müəyyən vəzifəli şəxslərin rolu da var. Yoxsa, ailə başçısı aidiyyəti qurumlara rəsmən müraciət edib, uşaqlarının Suriyaya qaçırıla biləcəyi barədə müraciət etdiyi, rəsmi qurumlardan isə hər şeyin nəzarət altında saxlanıldığı bildirildiyi halda ailə necə ölkəni tərk edə bilər? Atanın razılığı olmadan uşaqlar sərhədi hansı sənədlə keçib? Aylardır edilən şikayətlərə aidiyyəti qurumlar niyə reaksiya vermir? Hələ indiyə qədər işdə adı çəkilən bir nəfərin belə dindirilməməsinin kökündə hansı mətləblər dayanır? (Mövzuyla bağlı geniş məlumatı BURADAN oxuya bilərsiniz)
Mövzunu davam etdirəcəyik…
www.yenicag.az