Bakıda evdən 13 min manat oğurlandı – Fotolar
Oğurluq hadisəsi Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Yenicag.az-a daxil olan məlumata görə, hadisə Zəngilan rayonundan məcburi köçkün olan İbrahimova Mahirə Məhərrəm qızına məxsus 502 b bağ küçəsindəki fərdi yaşayış evində qeydə alınıb. Mahirə xanımın sözlərinə görə, 2016-cı ilin avqustun ayının 3-də dünyasını dəyişən qaynanasına Abşeron rayonu Mehdiabad qəsəbəsində qırx məclisi verdikləri üçün evdə olmayıblar. Ev sahibinin evdə olmamasından yararlanan “qəhrəmanlar” bundan məharətlə istifadə ediblər.
Zərərçəkən Daxili işlər nazirliyinin 102 mərkəzinə zəng edərək məlumat verib. Hadisə yerinə Sabunçu rayon polis idarəsinin və 14-cu polis bölməsinin əməkdaşaları gəliblər. Məlum olub ki, naməlum şəxslər evə pəncərədən daxil olublar. Oğrular otaqların birində olan sandıqdan ev sahibinə məxsus 13 min manat pulu götürərək evi tərk ediblər. Polis əməkdaşları evdən barmaq izləri, zərərçəkən və qonşulardan izahat alsalar da cinayəti törədənlərdən bir xəbər çıxmayıb.
Zərərçəkən Mahirə xanımın sözlərinə görə, 5 ay ərzində idarədən və ya bölmədən heç bir məlumat verən olmayıb. Məsələ ilə bağlı Sabunçu rayon polis idarəsindən bizə şifahi olaraq bildirdilər ki, sözügedən cinayət hadisəsində bu günə qədər heç bir şübhəli şəxs saxlanmadığı üçün araşdırmalar davam etdirilir.
Mahirə xanım isə min bir əziyyətlə iki qızının xeyir işi üçün yığdığı 13 min manatınının kimlər tərəfindən oğurlandığının tapılmasını isdəyir.
Yenicag.az