Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı konfrans keçiriləcək
Dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfrans keçiriləcək.
Yenicag.az xəbər verir ki, konfrans 25 iyun 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Qvadelupun müstəqilliyi uğurunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak edəcək. Konfransda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə 2024-cü ilin iyulunda Bakıda əsas qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi təqdimatla çıxış edəcək.
Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələlər geniş müzakirə olunacaq. Tədbirdə departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olacaq.
Konfransda Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi geniş müzakirə olunacaq.
Azərbaycanda ilk dəfə olaraq, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 iyunda “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri & rəqsləri” adlı konsert də keçiriləcək.
Mədəni proqramda Qvadelup musiqisi ilə Azərbaycan musiqisinin harmoniyası tamaşaçılara təqdim ediləcək. Tədbirdə Qvadelupun məşhur Lakou Veranda Qrupu çıxış edərək, öz unikal musiqi və ritmləri ilə iştirakçıları valeh edəcək.
Müstəmləkə əsarətində saxladığı xalqların mədəniyyətlərini sistemli şəkildə boğmaq siyasətini davam etdirən Fransa, koloniyaları “fransızlaşdıraraq”, yerli xalqların milli kimliklərini zəiflətməyə çalışır.
Bu kontekstdə, paytaxtımız Bakı şəhərində Qvadelupun mədəni irsi ilə Azərbaycan mədəniyyətinin harmoniyasını birləşdirəcək unikal təşəbbüsün həyata keçirilməsi və mədəni həmrəyliyin gücləndirilməsi müstəmləkəçiliyə qarşı mübarizənin həm də mədəni platformada davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.