“Məktəblərin ətrafında dayanma, durma və parklamalara ciddi nəzarət olmalıdır”.
Yenicag.az bildirir ki, bunu ötən gündən etibarən ibtidai siniflərdə dərslərin başlanması fonunda paytaxtın əksər küçə və prospektlərində yaranan tıxacların artmasına münasibət bildirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, gələn həftədən bütün siniflərdə, habelə digər təhsil ocaqlarında da dərslərin açılacağını nəzərə alsaq, vəziyyət daha da gərginləşəcək və buna görə də bir sıra tədbirlərə ehtiyac var:
“Paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından-o başına uşaqların daşınması halı geniş yayılıb. Təhsil qurumları elə etməlidirlər ki, ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında belə ciddi fərqlər olmasın. Hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olsun. Tədris prosesi elə təşkil olunsun ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun. Bundan sonra valideynlərlə maarifləndirmə işi aparmaq lazımdır ki, uşağınızı çox uzağa aparmağın əhəmiyyəti yoxdur, nə özünüzə, nə də uşağa əziyyət verməyin. Ümumiyyətlə elə edilməlidir ki, xüsusi təmayüllü məktəblər və özəl məktəblər istisna olmaqla qalan bütün məktəblərdə normal tədris, məktəbdə kommunal şərait olsun. Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsınlar”.
Ərşad Hüseynov qeyd edib ki, şəhərətrafı bəzi məskunlaşma ərazilərində hələ də ya məktəb yoxdur, ya da normal səviyyədə deyil. Ona görə də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olur və tıxaclar daha da şiddətlənir:
“Həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər tikilməlidir ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın. Məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata xüsusi diqqət yetirilməlidir ki, şagird və tələbələrin marşrut avtobusları və metro ilə gəlib-getməsində çətinlik olmasın. Məktəbə fərdi avtomobillə uşaq gətirməyə məcbur olan valideynlər çox diqqətli və intizamlı olmalıdırlar. İşlərini elə planlaşdırmalıdırlar ki, məktəb yanında yalnız uşağı düşürmə və mindirmə vaxtı dayansınlar. Dayanıb gözləmə olacaqsa, sıxlıq və tıxac qaçılmaz olacaq”.
Gülşən Şərif
www.yenicag.az