Əvvəllər aktyorları, aktrisaları səhnədə, çəkiliş meydançasında görərdik. Gözəl obrazlar yaradıb, tamaşaçı sevgisi qazanardılar, adlarını kino, teatr tarixinə yazdırardılar. Amma indi dövr dəyişib. Populyar olmaq, sosial şəbəkələrin gündəminə düşmək həvəsi onları da “dingildədir”.
Telekanallarda sosial verilişlərə çıxan aktyorlar, aktrisalar milyonların qarşısında şou göstərir, sözün əsl mənasında hoqqa verirlər.
Onların aktyor, aktrisa olduqlarını da çoxdan unutmuşuq. İşləri-gücləri aldadılıb verilişə gətirilən avam kənd adamlarını ittiham etmək, bilib-bilmədən insanları yarğılamaqdan ibarətdir.
“Niyə boşanırsan, niyə ailəni dağıdırsan, niyə uşaqlarını yetim qoyursan” deyib hücuma keçən, əlacı olsa, elə studiyada gənc, köməksiz birini gözlərini çıxarmağa hazır olan bu aktrisaya, yaxud da aktyora deyən gərək, barı öz ayıbına kor ol, öz həyatına çəki-düzən ver. Sən hansı ailə dəyərlərinə əməl etmisən ki, indi də durub kiməsə ailə, əxlaq dərsi keçirsən? Nə olsun ki, həmin o avam insan, sənə eyni sualı verə bilmir. Buna cəsarəti çatmır. Niyə insanların üstünə gedirsiniz, onları mühakimə edirsiniz? Necə deyərlər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
Sən aktyorsan, aktrisasan, sənin yerin səhnədir, çəkiliş meydançasıdır. Get, orada nə qədər istəyirsən, oyna. Efirdən, milyonlarla insanı aldatmağa çalışma. Onsuz da hamı hamını yaxşı tanıyır. Heç kim sənə ixtiyar verməyib ki, kimisə milyonların qarşısında ittiham edib, aşağılayasan. Evində arvadına, uşağına söz keçirə bilməyənlər şirə-pələngə dönüb efirlərdə meydan sulayır. Dərdinə çarə axtaran dilsiz-ağızsız insanları yarğılayanda bir düşünün. Öz gözünüzdə tiri görün, sonra başqalarının gözündə tük axtarın.
www.yenicag.az