Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən ildən tətbiqinə başlanan himayədar ailə qayğı modeli çərçivəsində beş uşaq himayədar ailələrə verib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, valideyn qayğısından məhrum olmuş beş qız uşağı üçün ümumilikdə dörd ailə “Himayədar ailə” olub.
Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.
Qanunvericiliyə əsasən, himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.
Qeyd edək ki, himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri:
– 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);
– 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);
– 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.
Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin ediləcəklər.
www.yenicag.az