Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışı başa çatıb.
Nazirlikdən bildiriblər ki, üç ay yarım davam edən yarışmanın final oyununda iki seçim və iki final görüşü keçirilib. İlk seçim görüşündə sentyabr ayının qalibi “Kapital bank” komandası ilə oktyabr ayının qalibi “Nar Mobile” komandası qarşılaşıblar. Maraqlı və gərgin keçən mübarizədə “Nar Mobile” qələbə qazanıb. Bu komanda öz seçiminə əsasən, “Azərbaycan klubu” ilə oynayaraq qalib gəlib.
Final görüşlərində “Nar Mobile” və “Romantik” komandaları qüvvələrini sınayıblar. “Romantik” komandası hər iki görüşün və ikinci mövsümün qalibi, eləcə də “Bilik kuboku”nun sahibi olub.
Qalib komandaya Təhsil Nazirliyi tərəfindən elektron kitab oxuyucusu, sponsorlar tərəfindən üç min manat məbləğində pul mükafatı təqdim edilib.
“Baku Crystal Hall”da keçirilən yarışlarda ölkəmizin 15 bölgəsindən 30 komanda iştirak edib.
(azertag.az)
www.yenicag.az