Bir düşmən tviti Türkiyəni tək yumruq etdi – Özgür Özəlin Ərdoğanla bağlı çıxışına SÖZARDI – Tənzilə Rüstəmxanlı yazır

media-hightechnic-468x90

Bəzən bir tvit bütöv bir millətin damarına toxunar və siyasi mövqeyindən asılı olmayaraq, hər kəsi birləşdirər. Bu dəfə də elə oldu. Yunan jurnalist-siyasətçi Failos Kraniditiosun Maduro ilə bağlı paylaşdığı, “sabah Ərdoğan da belə yaxalanıb aparıla bilər” məzmunlu o tərbiyəsiz tvit təkcə bir siyasətçini yox, bir xalqın heysiyyətini hədəf aldı.

Bu, sadəcə Ərdoğana qarşı deyil, Türkiyənin iradəsinə, xalqın seçiminə və milli suverenliyinə qarşı atılmış çirkin bir daş idi.

media-516555354_1306580148139400_8948620816391186022_n

Və gözlənilən oldu: Türkiyə susmadı.

Sosial mediada yüz minlərlə insan yazdı: “Ərdoğana səs verməmişəm. Amma o, bizim prezidentimizdir. Kimsə ona toxuna bilməz!”

Bu cümlə təkcə bir siyasi mövqe deyil. Bu, dövlət şüurudur, dövlət ənənəsidir. Bu, millət olma refleksidir.

Hətta Ərdoğan bu tvit üzərinə səfərbərlik elan etsəydi, millət əli yalın yunanı Egeyə tökmək üçün gələrdi. Bu dəfə Ege dənizinin o biri sahilindən… Tvitlərə baxın:

“Yunanıstan həddini bilsin.”
“Bu ölkənin prezidentini ancaq bu xalq dəyişər.”
“Sizin xəyallarınız bizim sərhədlərimizdə bitir.”

Bax budur millət olmaq.

Və millətin kürsüsündən ana müxalifət lideri Özgür Özəlin “Cahil, orada duracaqsan! Nəinki cümhurbaşqanımızı, bir vətəndaşımızı belə almaq istəsəniz, qarşınızda məni görəcəksiniz” deməsi möhtəşəmdi.

Onun bu hayqırışına hər kəsin dəstək verməsi də ayrı bir Türkiyə gözəlliyi idi.
Müxalif seçici də, hakimiyyət tərəfdarı da, siyasi düşərgələrdən kənarda qalan sadə vətəndaş da eyni cümləni dedi:

“Bu ölkəyə kənardan barmaq uzada bilməzsiniz.”

Bu bizə tanış səhnədir.
15 İyul gecəsi də belə olmuşdu.

O gecə tankların qarşısına çıxan təkcə iqtidar seçicisi deyildi. O gecə CHP-li də vardı, MHP-li də, İyi Partiya üzvü də, siyasətdən bezmiş adam da vardı. Çünki məsələ hökumət deyildi. Məsələ dövlət idi.

media-whatsapp-image-2026-01-09-at-10-20-26

Bu gün də məsələ Ərdoğan sevgisi və ya nifrəti deyil.

Bu gün məsələ budur:
Türkiyənin prezidentini yunan jurnalistlər, qərb qəzetləri, xarici mərkəzlər yox  bu millət seçir və bu millət dəyişir.

CHP lideri Özgür Özəlin verdiyi cavab ona görə qiymətlidir ki, o cavab partiya mövqeyi yox, dövlət mövqeyidir.

Amma daha qiymətlisi budur: onun arxasında milyonlarla müxalif seçicinin də eyni hissi dayanır.

Əgər bu gün Türkiyədə bizdəki kimi Şureyi-Namilli olan “radikal müxalifət” adlı bir xətt hakim olsaydı, bu tviti götürüb prezidentə qarşı silaha çevirərdilər.

Amma olmadı.
Çünki bu ölkə dövlət ənənəsi olan imperiyanın varisidir.
Bu cumhuriyyətin əsasını Mustafa Kamal Atatürk qoyub, ənənəsi isə Mete xana qədər uzanır.

Özgür Özəlin sözləri göstərdi ki, bu iqtidarla müxalifət bir-biri ilə qarşı-qarşıya gələ bilər.
Bir-birini tənqid edə bilər.
Bir-birinə hətta ən ağır söz deyə bilər.

Amma kənardan gələnə qarşı hamısı birdir.

Və bu da göstərdi ki:
Türkiyədə iqtidar dəyişə bilər.
Amma dövlətin şərəfi mübahisə mövzusu ola bilməz.
Bu torpaqlarda bir həqiqət var:
Bu ölkənin prezidentini yalnız bu xalq seçər.
Və yalnız bu xalq dəyişər.
Qalan hər kəs sadəcə tamaşaçıdır.
Bizim görmək istədiyimiz və qürur duyduğumuz Türkiyə məhz budur!

Təşəkkürlər, Türkiyə!
Təşəkkürlər, Türk milləti!
Təşəkkürlər, Özgür Özəl!

Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin deputatı

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa