Ötən mövsüm “Neftçi”də çıxış edən Jonas Pessallinin Braziliyada avtomobil qəzası nəticəsində dünyasını dəyişməsi Azərbaycanda da şok effekti yaratdı. 26 yaşlı hücumçunun həyatla erkən vidalaşması üzücü oldu.
Yenicag.az saytına danışan mərhum futbolçunun meneceri, vaxtı ilə “Neftçi”də onunla komanda yoldaşı olmuş oyunçular Pessalli ilə bağlı xatirələrini bölüşüblər.
Sən demə, o, bir həftə əvvəl “Neftçi”yə qayıtmaq istəyirmiş…
Bunu saytımıza açıqlamasında futbolçunun “Neftçi”yə keçməsində rol oynayan menecer Kamil Məmmədov deyib. O, Pessallini belə xatırlayır:
“Pessalli Fransada oynayırdı. Qısa müddətlik baxışdan sonra “Neftçi”yə transfer olundu. Qışda komandada qalmağı təklif olunmuşdu. Sadəcə, onun uşaqlıq məşqçisi “Parana”nı çalışdırırdı. Pessalliyə dəvət göndərdi, o da getdi. Amma bir həftə bundan əvvəl mənə zəng vurmuşdu ki, “Neftçi”yə qayıda bilərəm? Elxan Abdullayev burada yox idi. Düzü, qəti fikir bildirmədi. Braziliya klublarında rəqabət çox güclüdür. O, Bakını çox bəyənmişdi, getmək istəmirdi. Pessalli pozitiv insan idi. Onunla ünsiyyət quranda çətinlik çəkmirdim. Ölümünü eşidəndə çox pis oldum”.
Pessalli “Neftçi”də çıxış edəndə onun komanda yoldaşlarından biri də Eltun Yaqublu idi. “Zirə”yə qarşı het-trik etdiyi oyunda braziliyalı ilə birlikdə meydanda olan Yaqublu, xəbəri eşidəndə şoka düşdüyünü deyir:
“Xəbəri eşidəndə çox pis oldum. Həqiqətən də çox üzücü xəbərdir. Bir yerdə oynadığın futbolçunun gənc yaşda belə şəkildə dünyasını dəyişməsi mənə çox pis təsir elədi. Həm futbolçu kimi səviyyəli, həm də insanlığına söz ola bilməzdi. Komandada qısa müddət bir yerdə olsaq da, hamı ilə münasibəti yaxşı idi. Heç bir futbolçuya belə formada, yüksək sürətə görə qısa yaşamağı arzu etməzdim. Allah rəhmət eləsin!”
“Neftçi”nin futbolçusu Elvin Bədəlov: “Pessalli haqqında ancaq yaxşı sözlər deyə bilərəm. Çox sadə futbolçu idi. Hamımız onu çox sevirdik. Qısa müddət ərzində dostumuz olmağı bacardı. Ailəsini və futbolu sevən biriydi. Onu unutmaq çətindir. Ailəsinə səbr diləyirəm. Allah rəhmət eləsin!” .
“Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə:
“Şokdayıq. Jonas həm əla insan, həm də əla futbolçu idi. Təəssüflər olsun ki, qışda ailə səbəbləri ilə bağlı komandamızda qala bilmədi. Bir həftə əvvəl bizimlə əlaqə saxladı, qayıtmaq istədiyini dedi. Amma özünüz də gördüyünüz kimi, faciə ilə əlaqədar bu alınmadı. Hüznlüyük. Onun ailəsinə, “Neftçi” azarkeşlərinə başsağlığımızı çatdırırıq”.
Pessallinin xanımı Marjorie Miranda isə həyat yoldaşının ölümünü belə şərh edib:
“Sevgililər günündə öz sevgilimi itirdim. Ruhun şad olsun. Səmalardan bizə baxmağı unutma. Səni əbədi olaraq sevirəm”.
Qeyd edək ki, Jonas Pessalli 3 uşaq atası idi.
Emin Səfərov
Yenicag.az
www.yenicag.az