Bir kəmər, bir yol: “Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır” – Tənzilə Rüstəmxanlı yazır
Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğu ölkəmizə olan beynəlxalq münasibəti müsbətə doğru dəyişib. Daxili sabitliyin, milli birliyin olmadığı ölkələrin hökumətləri xarici siyasətdə də milli maraqlarını müdafiə edə bilmirlər, hücumlar qarşısında geri çəkilirlər. Güclü iqtisadiyyatın qurulması, həyata keçirilən genişmiqyaslı layihələr Cənubi Qafqazda və Xəzər regionunda etibarlı mövqe tutmağımıza səbəb olub.
Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada, təbii ki, Çin də var. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının nüfuzlu “Sinxua” agentliyinə verdiyi geniş müsahibədə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikası, iqtisadi-ticari tərəfdaşlıq, nəqliyyat dəhlizləri, humanitar əlaqələr və beynəlxalq əməkdaşlıq məsələlərinə dair əhatəli fikirləri diqqət çəkir. Azərbaycan Prezidenti müsahibədə “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.
Müsahibədə qeyd edilib ki, ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, iki dövlət başçıları razılığa gəliblər ki, gələcəkdə də əməkdaşlıq əlaqələri genişləndirilsin, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirilsin, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edilsin, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edilsin. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Çin münasibətlərinin strateji məzmununu, çoxşaxəli inkişafını və regional, həmçinin qlobal miqyasda əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirdi. Bu əlaqələr təkcə iqtisadi tərəfdaşlıqla məhdudlaşmayaraq, mədəni, humanitar və siyasi platformalarda da dərinləşir və qarşılıqlı inam, dəstək üzərində qurulmuş uzunmüddətli əməkdaşlıq modelini formalaşdırır.