“Bizdə funksional savadsızlığın faizi çox yüksəkdir”

media-hightechnic-468x90

69602_res_01Oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasında çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhsil sahəsindəki nöqsanlara toxunaraq problemlərdən söz açıb.

R.Mehdiyev deyib: “Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”.

Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır. Əlbəttə ki, ilk növbədə ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi…”

Təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev  açıqlamasında deyib ki, Ramiz Mehdiyevin iradları haqlıdır: “Orta və ali təhsil çox ciddi problemlər içindədir. 9 və 11-cu siniflərdə buraxılış imtahanlarının, ali məktəblərə qəbul imtahanlarının nəticəsi əsasında söyləmək olar ki, orta təhsildə vəziyyət elə də yaxşı deyil. Bəzi şagirdlərin hərf və rəqəm tanımaması faktları bir anlayışla ifadə olunur: funksional savadsızlıq. Təəssüflər olsun ki, bizdə funksional savadsızlığın faizi çox yüksəkdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda abituriyentlərin 60 faizə yaxını 0-200 arası bal toplayıb. Təxmini olaraq bir o qədər də şagird ana dili və riyaziyyat fənlərindən “2” və “3” alıb.

Son illər təhsil sahəsində çox islahat proqramı və layihə həyata keçirilib. Yüz milyonlarla manat vəsait xərclənib. Amma heç bir effekt yoxdur. Dünyada analoqu olmayan bir proses gedib: təhsilə ayrılan vəsait artdıqca təhsilin keyfiyyəti aşağı düşüb.

Vəziyyətdən çıxış üçün orta təhsilin keyfiyyətinin qiymətləndirilməsi, yəni akkreditasiya prosesinə təkan verilməlidir, müəllim peşəsinə yiyələnmək istəyənlərin tədrisi prosesinin monitorinqi aparılmalıdır. Bu qiymətləndirmələr və monitorinqlər geniş müzakirə olunmalıdır.

Orta təhsildə olduğu qədər ali təhsildə də problemlər var. Azərbaycan təhsili Boloniya prosesinə qoşulub. Amma mən bəyan edirəm ki, bu, imitasiya xarakterli bir qoşulma olub. Ali təhsilin dəqiq qiymətləndirilməsi mexanizmləri işlənib hazırlanmayıb, ali məktəb qurtaranların hansı qisminin işlə təmin olunması araşdırılmayıb. Proqramların və dərs proseslərinin monitorinqinə ehtiyac var.

Hesab edirəm ki, təhsil milli təhlükəsizlik məsələsidir. Problemlərin həllinə başlanmasa, bu, ölkə üçün təhlükəsizlik probleminə çevrilə bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600