“Boeing 787-8” təyyarə istifadəyə verildi
AZAL-ın yeni aldığı “Boeing 787-8” Dreamliner tipli təyyarə artıq istifadəyə verilib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Bakı-İstanbul marşrutunda istifadə olunmasına qərar verilən təyyarə “Atatürk” hava limanına enib.
Qeyd edək ki, “Boeing-787-8” Dreamliner ən müasir hava gəmilərindən biridir. Son texniki nailiyyətləri özündə cəmləşdirən bu layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Müasir texnologiyaların tətbiqi sayəsində təyyarə istismar nöqteyi-nəzərindən əlverişli və yanacaq istifadəsi baxımından qənaətlidir. Burada sərnişinlər üçün rahat şərait yaradılıb. Layner həm texniki, həm də istismar parametrlərinə görə digər hava gəmilərindən fərqlənir. Analoji laynerlərdən daha az çəkiyə malikdir. Buna baxmayaraq, uçuş məsafəsi və yükgötürmə imkanı digər hava gəmilərindən yüksəkdir və 20% az yanacaq işlədir.
Genişfüzelyajlı “Boeing-787-8” Dreamliner 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirməyə qadir olan bu təyyarə 15700 km məsafə qət edə bilir. Bu göstəricilərə görə Dreamliner müasir sərnişin avialaynerləri arasında liderdir. “Arzular layneri”nin salonunda müxtəlif xidmət siniflərinə uyğun üç növ oturacaq mövcuddur. Təyyarənin bütün aeronaviqasiya sistemləri, sərnişin salonundakı audio və video sistemlər müasir texnologiyalar əsasında hazırlanıb.
MDB məkanında və bir sıra şərq ölkələri arasında ilk dəfə Azərbaycan “Boeing-787-8” Dreamliner hava gəmisinə sahib olub.