“Əsas mübarizə indidən sonra başlayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Suriyada Əsəd rejiminin devrilməsi və Türkiyənin Yaxın Şərqdə hansı addımları atacağı fonunda prosesləri şərh edən analitikin sözlərinə görə, Əsəd rejiminin devrilməsi Yaxın Şərqdə yeni dövrün başlanğıcıdır:
“Bunu “Ərəb baharı”nın birinci dalğasının sonu kimi də qiymətləndirmək olar. Əsəd Türkiyə, ABŞ və İsrailin ortaq düşməni idi. Onun sıradan çıxarılmasında tərəflər ortaq hərəkət etdilər. İndi məsələ Suriyada kimin hakim olacağı məsələsidir. Əsas mübarizə indidən sonra başlayacaq. Çünki indi iqtidara keçən müxalifətə də müxalif qruplar olacaq və onların İsrail, həmçinin ABŞ-dən dəstək alması mümkündür”.
T. Rzayev əlavə edib ki, Trampın hakimiyyətə gəlişinə qədər Türkiyə kürd məsələsini həll etməlidir:
“Çünki Suriyanın şimal şərqində Rojava kürdləri yaşayır. Əgər onlar məğlub edilməzsə. dövlətləşmə prosesi başlayacaq. İraqdan sonra bu, regionda ikinci ciddi kürd faktorunun ortaya çıxması deməkdir. Türkiyə bu prosesin qarşısını almaq üçün özü kürd dövlətini yaratmalıdır. Əks təqdirdə, ABŞ yaradacaq, bu isə tamamilə Türkiyənin əleyhinə olacaq”.
Mütəxəssisin dediyinə görə, Suriyanın böyük bir qismini Türkiyənin dəstəklədiyi müxalifət ələ keçirsə də, daxildə hələ də radikal-dini qruplaşmalar mövcuddur:
“Qruplaşmalararası hakimiyyət mübarizəsi davam edəcək. Yəni, əslində, Suriyada indidən sonra əsl müharibəni görəcəyik. Türkiyə maksimum dərəcədə Suriyada dəstəklədiyi qrupun hakimiyyətdə möhkəmlənməsi və kürdlərin sıradan çıxarılmasına çalışacaq. Lakin, əgər bacarmazsa, Suriya sözün əsl mənasında qan gölünə çevriləcək. Çünki artıq bir yox, bir neçə qrupun mübarizəsi başlayacaq”.
“İran və Rusiya mövcud geosiyasi amillər fonunda Əsədə dəstək verə bilmədilər. Rusiyanın başı Ukraynaya qarışıqdır. İran isə həm daxildə sosial-iqtisadi problemlər, həm də İsraillə gərginlik ab-havasındadır. Həmçinin İsrailin keçirdiyi əməliyyatlarda “Hizbullah”a və HƏMAS-a ciddi zərbələr vuruldu. Yəni İranla İsrail arasında qalxan rolunu oynayan bu proksilər sıradan çıxarılıb. İndi isə hədəf İran ola bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az