Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlərin icrası məqsədilə iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, 6-20 fevral 2023-cü il tarixlərində xəstəliyin ümumi yayılma səviyyəsini təyin etmək üçün ölkə ərazisindəki 39 rayon (şəhər) ərazisində yerləşən 50 başdan yuxarı iribuynuzlu heyvan təsərrüfatlarında saxlanılan südlük heyvanlar arasında monitorinqlərin aparılması planlaşdırılır.
Monitorinqlər zamanı südlük heyvanlardan təsadüfi seçim qaydası ilə qan nümunəsi götürülərək müvafiq müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq. Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq. Əldə edilmiş məlumatlar epizootiya əleyhinə tədbirlərin planlaşdırılmasında istifadə ediləcək.
Monitorinq zamanı götürülmüş qan nümunələrinin dabaq xəstəliyinə qarşı peyvənd aparıldıqdan sonra immun fonun təyin olunması məqsədilə Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrinin aparılması da nəzərdə tutulub.