Azərbaycan U-19 milli komandasının baş məşqçisi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən yığma Samir Əliyevə həvalə olunub.
Bu addım U-19-lar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək komandanın formalaşdırılması məqsədilə atılıb.
Saytımıza açıqlama verən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun sözlərinə görə, Vüqar Məmməd elit-raunda vəsiqə qazanan U-19 millimizlə yola davam edəcək:
“Bu, fərdi təyinatdır. Vüqar Məmməd tamamilə ayrı yaş qrupu ilə çalışır. Vüqar Məmməd elit-raunda vəsiqə qazanan U-19 millimizin baş məşqçisi postunda qalır. O, 2000-ci il təvəllüdlü futbolçularla fəaliyyət göstərir. Biz yanvar-fevral, mart aylarını itirməmək üçün U-19-a yeni bir sima, yeni baş məşqçi təyin etdik. Samir Əliyev növbəti ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində 2001-2002-ci il təvəllüdlü futbolçulara rəhbərlik edəcək. Bu komandanı formalaşdırmaq ona tapşırılıb. Vüqar Məmməd isə 2000-ci il təvəllüdlü futbolçularla işini davam etdirir. Elit-raundda uğurlu çıxış etmək üçün ona hər bir şərait yaradılıb”.
Emin Səfərov
www.yenicag.az