“Bu isə bizim üçün arzuolunan deyil”
Millət vəkili Fazil Mustafa ABŞ-ın İranın üzərindən sanksiyaları götürməsini təhlil edib.
Deputat baş verənlərin Azərbaycana müsbət və mənfi təsirlərini ictimaiyyətin diqqətinə çatdırıb:
“ABŞ və müttəfiqlərindən ibarət “altılıq”la İranın uranın zənginləşdirilməsi mövzusunda anlaşmasının soyuq başla təhlilinə ehtiyac var. Obama özünün İran siyasətini fiaskodan qurtardı, guya bu razılaşma ilə İranı yenidən dünya sisteminə inteqrasiya etdi, əslində isə İranı daha gücləndirəcək bir addım atdı. Sanksiyalar götürülür, İran iqtisadiyatı dirçəlməyə başlayır, nüvə texnologiyasına sərf olunan vəsaitin böyük bir qismi başqa sahələrin inkişafına yönəldilir və bölgədə də güc mərkəzi olaraq sərbəstlik imkanları çoxalır. Rusiya ilə münasibətləri zəifləyə bilər və bəlkə də bu anlaşmanın əsas hədəflərindən biri də budur. Bizim üçün faydalı tərəfi qonşuluqda müharibə risqinin azalması, Qərbin Azərbaycan üzərindən İrana qarşı təzyiq siyasətinin ortadan qalxmasıdır.
Qonşuda sabirlik və iqtisadi dirçəliş olarsa, bunun ən çox faydası bizə dəyə bilər. Ancaq Qərblə yaxınlaşmadan sonra, ABŞ-la əvvəlki illərdəki gizli anlaşmaya görə İranın Ermənistana daha çox iqtisadi dəstək verməsini gözləməliyik. Bu isə bizim üçün arzuolunan deyil. O zaman bizim İsraillə əlaqələrimizin daha da gücləndirilməsi zərurəti yaranacaqdır. Çünki İrana verilən bu imkanlardan ən çox narahat olan ölkə heç şübhəsiz ki, İsraildir.
Bütün hallarda İran bu anlaşmanın udan tərəfidir, çünki indiki şərtlərdə nəyisə yerinə yetirib-yetirməməkdən daha artıq, 10 illik bir monitoring möhləti almaq bu ölkəyə hava-su kimi lazım idi. 10 il monitoring içində manevrlər etmək və sanksiyalardan xilas olmaq İran üçün əvəzolunmaz bir hədiyyə sayıla bilər.