Reklam: High Technic
hightechnic

Bu küçədə avtomobillərin hərəkətində dəyişiklik edilib

Yusif Səfərov küçəsində yeni geri dönmə hissəsi yaradılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində Yusif Səfərov küçəsində 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib.

Bundan başqa Üzeyir Hacıbəyli küçəsi ilə kəsişmədə mövcud olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 may küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb.

Yenidənqurma işlərinin aparıldığı ərazi asfaltlanıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Hazırda yeni yol ayrıcına səki daşları düzülür, ərazidə son tamamlanma işləri aparılır.

Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik saatlarında müşahidə olunan sıxlığın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq.

Genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.

Yusif Səfərov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində piyadaların da rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində addımlar atılacaq. Belə ki, küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin də inşası planlaşdırılır.

Yeniçağ.az

www.yenicag.az

72