”Bu məsələ bizi düşündürmür”
“Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar. Hüquqi baxımdan hadisəyə qiymət verilib. Necə deyərlər hüquq öz işini görüb”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib.
O, bildirib ki, qadın kimi, azyaşlı uşağı olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə qərar qəbul olunub:
“Hesab edirəm ki, belə qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. İnsanpərvərlik hisslərindən çıxış edərək belə qərar qəbul olunub. Ümumiyyətlə, istənilən insanın cəzaçəkmə müəssisələrinə göndərilməsində yeganə məqsəd onun cəzalandırılması deyil. Baxmayaraq ki, törədilən əmələ hüquqi baxımdan qiymət verilir, amma digər məqam da insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq səlahiyyəti olan insan cəzaçəkmə müəssisəsində olanlarla bağlı ya əfv, ya da bağışlanma aksiyaları olur. Məsələyə bu kontekstdən baxmaq lazımdır”.
Bəraət tələbinə gəlincə isə icra katibi vurğulayıb ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var: “Bu, vəkillərə də şamil oluna bilər, məhkəmənin hansısa hökmünə tuş gəlmiş insanlar da bu hüquqlarından istifadə edə bilər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul olunacaq. Qeyd etdiyim kimi, törədilən əmələ hüquqi qiymət verilib, hazırda insani aksiya həyata keçirilir.
Gülər Əhmədovanın yenidən hansısa vəzifəyə gətirilməsi və YAP-a qayıtması ehtimalı ilə bağlı sualı Əli Əhmədov belə cavablandırıb: “Gəlin, hadisələri qabaqlamayaq. İndi düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan ibarətdir. YAP üzvlüyündən insanın çıxarılması da, onun yenidən üzvlüyə bərpa olunması da hüquqi məsələdən daha çox mənəvi, əxlaq məsələsidir. Hesab edirəm ki, biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Hüquqi baxımdan qiymət verilib, YAP isə öz nizamnamə tələblərinə uyğun şəkildə lazım gələcəyi anda istənilən şəxs haqqında qərarlarını qəbul edir. Bir daha qeyd edim ki, hesab etmirəm bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-ın üzvü olmaqdan ibarətdir. Bu məsələ nə onu düşündürür, nə də bizi”(axar.az).