Budapeştdə Avropa oyunlarının təqdimatı keçirildi-Foto
Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado” konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
“Yenicag.az AzerTac-a istinadən xəbər verir ki, tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb.
Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.
Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya dəvət edib. Nazir bir çox televiziya kanallarına müsahibələr verib.
Sonra tədbirin rəsmi hissəsi başlayıb.
Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.
Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları barədə danışıb.