“…, Dağlıq-Qarabağ probleminin həllinə heç nə vəd etmir”
Rusiyanın rəhbərliyi ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması və bura Qazaxıstan, Ermənistan, Belarus kimi dövlətlərin cəlb edilməsi bəzi ekspertlər və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qarşılanmır. Belə ki, bu keçmiş SSRİ-nin bərpa edilməsi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da eyni mövqeni ifadə edib. Ekspert vurğulayıb ki, Aİİ, Gömrük İttifaqı kimi layihələr Rusiyanın özünü Qərbə təsdiq etməsi üçün lazım olan variantlardır: “Rusiya özü də gözəl bilir ki, 21-ci əsrin əvvəlində keçmiş SSRİ-nin bərpa edilməsi mümkün deyil, bu reallıqdan çox uzaqdır. Bu sadəcə xülya kimi qiymətləndirilə bilər. Rusiya Avrasiya İqtisadi İttifaqı, Gömrük Birliyini yaratmaqla özünün söz sahibi olduğunu göstərmək istəyir”.
Bir müddət öncə Rusiya Regional Problemlər İnstitutunun direktoru Dmitri Juravlev bildirib ki, Azərbaycan Aİİ-yə qoşulub-qoşulmayacağı barədə qərar qəbul etməlidir. Bəzi ekspertlər də hesab edir ki, Azərbaycanın Aİİ-yə qoşulması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. Siz bu barədə nə düşünürsünüz?
Bu suala cavabında V. Zifəroğlu bildirib ki, əgər Rusiyanın lideri olduğu birliklərə Azərbaycanın 20% torpağını işğal edən Ermənistan da qoşulursa, Azərbaycanın heç də dövlət maraqlarına sığmaz ki, işğalçı bir dövlətlə eyni təşkilatın daxilində təmsil olunsun: “Rusiya Azərbaycanı bu ittifaqda görməyi arzu edirsə, öz for-post Ermənistan ilə məsələləri həll etməlidir ki, o, işğal olunmuş ərazilərdən öz qoşunlarını geri çəksin. İstər xarici siyasətimizdə, istərsə də dövlətlərlə münasibətimizdə hər zaman Dağlıq-Qarabağ məsələsi gündəmdə olub. Belə ki, 1991-ci ildə öz müstəqilliyimizi əldə edəndən bəri bu məsələ əsas diqqət mərkəzində olub”.
V. Zifəroğlu qeyd edib ki, burada belə bir sual ortaya çıxır . Rusiya Ermənistana elə bir təzyiq edə bilərmi ki, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarsın? : “Bəli, Rusiya bunu edə bilər. Çünki Ermənistan Rusiyanın for-postu funksiyasını yerinə yetirir. İkinci bir məqam da var . Dağlıq Qarabağ Bu problemin həlli Rusiyaya nə dərəcədə sərf edir? Bu anlamda Aİİ-yə qoşulmağımız heç bir şey vəd etmir. Biz müstəqil xarici siyasət kursuna malikik. İstər Rusiya, istər Qərb, istərsə də regiondakı digər aparıcı dövlətlərlə münasibətlər balanslaşdırılmış siyasət əsasında qurulub. Ətrafda baş verən hadisələrə – Yaxın Şərqdə və postsovet məkanında – Ukraynada baş verənlərə nəzər salaq. Azərbaycan bu hadisələrdən kənarda qalmaqla yanaşı balanslaşdırılmış siyasət yeridir. Bizim öz dövlət və milli maraqlarımız var. Bu gün Azərbaycanın dövlət və milli maraqları Qarabağa olan münasibətlə ölçülür. Yəni dövlətlər bu məsələdə nə qədər səmimidirlər? Hesab edirəm ki, indiki halda Aİİ-yə qoşulmaq Dağlıq-Qarabağ probleminin konkret və real həllinə heç nə vəd etmir”(azadinform).