Bakıda daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, 17 fevral tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.
52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün BNA tərəfindən zəruri işlərin görülməsi təmin edilib.
Qeyd edək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.
www.yenicag.az