Lənkəranda dəniz sahilindən 5 ədəd mina və 1 ədəd mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 5 ədəd mina və 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıd adı qeyd olunan ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 3 ədəd tank əleyhinə TM-62M və 2 ədəd tank əleyhinə TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların və top mərmisinin ətrafında 200 kv.məraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az