Deputatdan maraqlı təklif
Azərbaycanda azyaşlı uşaqları üçün aliment ala bilməyən qadınlara kömək məqsədilə dövlət tərəfindən yeni fond yaradıla bilər.
Belə bir təkliflə millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edib.
Deputatın fikrincə, 2012-ci ilin sonunda alimentdən imtina edən ataların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun dəyişikliyi problemin həllinə köklü kömək edə bilməyib.
“Bu məsələ daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərir. Aliment ala bilməyən analar çətin vəziyyətdə qalırlar. Adamların qeyri-rəsmi qazancı olsa da, rəsmi işləmədiyini bəhanə gətirərək, aliment ödəməkdən boyun qaçırırlar. Belə analar azyaşlı uşaqları ilə çox pis vəziyyətdə qalırlar”.
Bu cür problemlərdə qadınlara kömək məqsədilə Q.Paşayeva Aliment Fondu yaradılmasını təklif etdi. Belə fond alimenti özü ödəyir, amma əvəzində atadan həmin vəsaiti ala bilir. Hətta işi olmadığını bəhanə gətirənləri işə düzəldir. Belədə analar məhkəmə qapılarında qalmır, işləri yüngülləşir.
Spiker Oqtay Əsədov isə belə bir təkliflə razılaşmayıb. Bildirib ki, belə fond yaratmaqla problemləri daha da artırmaq olar. O.Əsədovun fikrincə bu halda aliment verməyənlərin sayı daha da artmış olar. Spiker bu məsələnin həlli üçün digər vasitələr düşünməyə çağırıb. Hətta çıxış yollarından birini də səsləndirərək, qeyd edib ki, bəzi ölkələrdə alimenti əmlaka yönəldirlər.