Diasporla İş üzrə Dövlət Komitəsi Cümhuriyyət tarixindən bəhs edən “Azərbaycan Respublikası (1918-1920)” kitabını almağa pul “tapmayıb”.
Yenicag.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun “Facebook”da paylaşdığı statusda qeyd olunub.
Şahbaz Xuduoğlunun yazdığına görə, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinə işıq salan və “Qanun” tərəfindən 3 dildə nəşr olunan Azərbaycan Respublikası (1918-1920” kitabını almaqdan primitiv bəhanə ilə imtina edib:
“ADR-in 100 illiyi ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin yazdıqları “Azərbaycan Respublikası (1918-1920)” kitabını üç dildə nəşr etdik.
Sonra onların hərəsindən bir ədəd zərfə qoyub Diasporla iş üzrə Dövlət Komitəsinə göndərdim. Məktubda yazdım ki, xaricə gedəndə, qonaqlarınız gələndə onlara hədiyyə edin, qoy dövlətimizin tarixi haqqında yaxşı məlumatları olsun.
Doğrusu, məktubuma cavab gəlməyəcək deyə düşünmüşdüm. Amma gəldi, proqnozum özünü doğrultmadı.
Cavab məktubunda yazılıb ki, kitab almaq üçün büdcə nəzərdə tutulmayıb. Eşitdiyimə görə, öncəki nazirin arxa otağından “Min bir gecə nağılları”na bənzər bir mühit aşkar olubmuş. Bunu yeni naziri təqdim edən yüksək dövlət məmuru da görübmüş.
Nazim İbrahimova bir vaxt məktub göndərmişdim. Məhəmməd Əmin Rəsulzadənin kitabı ilə bağlı. Onda da büdcələrində kitaba pul yox idi. Kitaba büdcədə yer yox deyib, dövlətin büdcəsini arxa otaqlarına, bağlarına, maşınlarına, şəxsi mənfəətlərinə, xaricdə yaşayanlar arasında nifaqa xərcləyənlər!”
www.yenicag.az