“Dini radikalizmə qarşı mübarizədə qadınların rolu” mövzusunda tədbir keçirilib
Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların rolu” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər. Daha sonra YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva mərasimi açaraq mövzu ilə bağlı ətraflı məlumat verib. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Mübariz Qurbanlı vurğulayıb ki, İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır Ölkəmizdə dövlət-din münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. M. Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə diqqətə çatdırıb ki, mövzu öz aktuallığı ilə seçilir. O qeyd edib ki, dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki, obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir. Qeyd edək ki, tədbirdə, həmçinin, BDU-nun İlahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.