İlk dəfə Ukraynaya jurnalistlərdən ibarət böyük bir heyətlə getmişdik. 2014 -cü ilin noyabr ayı idi, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaqdı. Təxminən 20 nəfər jurnalist buradan qatarla Tiflisə, oradan isə təyyarə ilə Kiyevə üz tutmuşduq.
Kiyevə çatıb, təzəcə otelə yerləşmişdik ki, səfirlik əməkdaşları bizimlə əlaqə saxladılar. Gəlişimizi ölkə mətbuatından xəbər tutumuşdular. Dedilər ki, səfir Eynulla Mədətli hamını Ukraynadakı EVİMİZDƏ görmək istəyir. Ardınca Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdan zəng gəldi. Çox keçmədi ki, diaspor nümayəndələri qaldığımız “Dnepr” otelinin qarşısında toplaşdılar. “Qarabağ”- “Dnepr” qarşılaşmasının keçiriləcəyi stadiona yürüşümüzü də elə onlar təşkil etdi…
Ertəsi gün heyətimizidən bir qrup Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri Rövşən Tağıyevlə görüşdü. Ümumiyyətlə, oyundan əvvəl uşaqlar yazmaq üçün xeyli material toplamışdılar. Musavat.com-un şef redaktoru Xalid Kazımlı iki daşın arasında Ukraynanın birinci prezidenti Leonid Kravçuku tapıb, ondan müsahibə almışdı…
Unudulmaz səfər oldu. “Qarabağ”ın qalib gəlməsi, diaspor nümayəndələrilə ilk və xoş ünsiyyət, səfirliyimizdə təntənəli qarşılanma, səfir Eynulla Mədətli adından ziyafət, maraqlı görüşlər, müzakirələr… Nə isə, çox da uzatmayaq, xatırladıqca “Kərəmi ağlamaq tutur…” Niyə? Hə, bax burası biraz qəlizdir, hövsələnizi basıb axıra qədər oxusaz, bəlkə siz də yaylıq çıxarmalı olduz…
Bu ilin yayında da yolumuz Ukraynaya düşmüşdü. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri, hörmətli Fuad Muradov diaspor təşkilatları arasında yaşanan anlaşılmazlıqları aradan qaldırmaq və Koordinasiya Şurasını yaratmaq məqsədilə Kiyevə səfər etmişdi. “Azadinform” İnformasiya Agentlliyinin baş redaktoru Niyaz Niftiyevlə birgə Dövlət Komitəsi tərəfindən keçiriləcək tədbirlərdə iştirak etməliydik. Fuad Muradovun diaspor nümayəndələri ilə ilk görüşünün səfirliyimizdə keçirilməsi nəzərdə tutulmuşdu. Bu sətirlərin müəllifinin və Niyaz Niftiyevin adı da Komitə tərəfindən tərtib olunmuş siyahıda səfirliyə verilmişdi. Düşünürdük ki, fürsətdən istifadə edib, səfirimiz Azər Xudiyevlə də tanış olar, görülmüş işlər, iki ölkə arasındakı münasibətlər və sairə məsələlərə dair söhbət apararıq. Amma bizi – Azərbaycandan gələn iki jurnalisti səfirliyə buraxmaq istəmədilər. Qapıda dayanıb keçid prosesinə nəzarət edən, səfirlikdəki vəzifəsini bu vaxtadək dəqiqləşdirə bilmədiyimiz Xəyyam Həqiqətoğluna yaxınlaşıb, nə baş verdiyini soruşduq. Heç bir izahat verə bilməyəcəyini dedi. Yalnız onu öyrəndik ki, səfirlik siyahıdan adımızı çıxarıb. Üzümü Niyaz Niftiyevə tutub, “Bir neçə il əvvəl burada Azərbaycandan gələn jurnalistlərin ayağı altına qırmızı xalı sərmişdilər. Amma indi səfir Azər Xudiyev bizi qapıda saxlayıb” dedim. Niyaz başını yelləyib dərin bir köks ötürdü…
Bizim üçün maraqlı idi, tədbirin təşkilatçısı olan Dövlət Komitəsinin tərtib etdiyi siyahıda adımız olduğu halda səfirlik nədən bizə maneə yaradır? Günahımız nə idi? Bəlkə diaspor təşkilatları ilə isti münasibətimiz, təşkilat rəhbərləri ilə dostluğumuz, onların keçirdiyi və bilavasitə dövlət maraqlarına cavab verən tədbirlər barədə xəbər yaymağımız səfirliyə keçidimizə əngəl olub? Axı diaspor təşkilatları ilə əməkdaşlıq, onların işinə verdiyimiz informasiya dəstəyi ümumi maraqlara xidmət edir. Biz diasporumuzun güclənməsində, mövqelərinin möhkəmlənməsində maraqlıyıq. Yazılarımız da, yaydığımız xəbərlər də ancaq bu maraqdan irəli gəlir. Elə isə niyə qapıda qalmışıq? Niyə cənab səfir bizi içəri buraxmaq istəmir? Niyə qapısını döyən əməkdaşlıq imkanlarını dəyərəndirmir, buna maraq göstərmir? Axı təkcə AzTV kamerasına sığınmaqla kifayətlənmək olmaz… Onun evinə, torpaq sahəsinə, həyətyanı baxçasına, bostanına, lənət şeytana, tarlasına gəlməmişik ki, bizimlə istədiyi kimi rəftar eləsin. Azərbaycanın BİR PARÇASI olan əraziyə, keçmiş səfir Eynulla Mədətlinin dediyi kimi, öz EVİMİZƏ keçmək istəyirik. Bunun qarşısını almaq üçün ciddi səbəblər olmalıdır axı. Soruşduq, maraqlandıq, izahat istədik, bir kimsə çıxıb demədi ki, qapıda qalmağımızın səbəbi nədir.
Düşüncələr içində var-gəl etməkdən başqa əlimizdən heç nə gəlmirdi. Qəfil Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin səsini eşitdik:
– Tədbir başlayır, keçin içəri.
– Bizi buraxmırlar. Dedilər ki, adınız siyahıdan çıxarılıb.
– Təzədən salındı, gəlin.
Təsəvvür edin, həmin an Daşqın müəllim gözümüzə ən əziz, ən doğma adam kimi göründü. Sıxılmışdıq bizə “yad adam” kimi baxanların əhatəsində… Elə Daşqın müəllimdən öyrəndik ki, Dövlət Komitəsinin sədri Fuad Muradov bizim içəri buraxılmadığımızı öyrənən kimi, ona məsələni yoluna qoymağı tapşırıb. Beləcə cəmi bir neçə il əvvəl qapıları üzümüzə taybatay açılmış, indi isə qarşımızda “Simnar xanın” qalası kimi dayanan səfirliyimizə çətinliklə də olsa keçə bildik. Qapıda bizi vəzifəsi naməlum olan adam saxlasa da, dövlətin adamı içəri keçməyimizi istəmişdi…
Ukraynaya budəfəki səfərimiz gərgin dövrə təsadüf edirdi – Rusiya gəmilərinin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna hücum etməsindən dolayı Ukraynada hərbi vəziyyət elan olummuşdu. Düşünürdük ki, elə hava limanında müharibə vəziyyətinin tələb etdiyi yoxlanış prosedurundan keçəcək, sorğu-suallar artacaq, gəlib-gedənlərə nəzarət bir qədər sərt xarakter alacaq. Lakin belə olmadı, hava limanında hər hansı dəyişiklik müşahidə etmədik. Heç bu dəfə, “Niyə gəlmisiz?”, “Neçə gün və harada qalacaqsız?” kimi sualları da eşitmədik. Yan pəncərədə sənədləri yoxlanılan Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov da orada çox ləngimədi. Hə, lap unutmuşduq, sabiq komitə sədri ilə eyni təyyarədə idik. O da bizim kimi təyyarədən düşüb ümumi avtobusla sərhəd keçid məntəqəsinə gəlmişdi… Axı daha, “Axşamınız xeyir, Şakir Şəkəroviç”, “Gecəniz xeyirə qalsın, Şakir müəllim”, “Həmişə siz gələsiz, yoldaş Şirinov” dövrü bitib. İndi onu trapın qarşısında VİP avtomobillər qarşılamır, çantalarını daşıyanlar sıraya düzülmür, yolu biznes sektordan salınmır. Sadəcə hamı kimi təyyarədən düşüb, “qarmoşkalı” avtobusa minir… Avtobusda üz-üzə dayanmışdıq. Bir xeyli gözünü üzümdən çəkmədi. Qəzəbli baxışlarından anlayırdım ki, lənətləyir. Bəs necə, vəzifəsini itirməzdən bir neçə saat əvvəl barəsində sərt tənqidi yazı yayımlamış jurnalisti bağrına basıb, alnından da öpəsi deyildi ki…
Ukraynaya səfərimizdə məqsəd sözsüz ki, müharibə vəziyyətinin özəlliklərini araşdırmaq deyildi. Bizi ancaq səfirliklə diaspor fəalları və səfir Azər Xudiyevlə keçmiş səfir Tələt Əliyev arasında yaşanan gərginliyin gerçək səbəbləri maraqlandırırdı. Niyyətimiz o idi ki, mübahisəli məsələlərlə yerində tanış olaq, insanlar ünsiyyət qurub, ölkədə gündəm olmuş söz-söhbətlərin mahiyyətinə aydınlıq gətirək. Zarafat deyil, hazırkı səfir Azər Xudiyev 8 il əvvəl Ukraynada səfir olmuş Tələt Əliyevi səfirliyin binası təmir olunarkən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edib. A.Xudiyev iddia edir ki, mənimsəməyə yol verildiyindən təmir işləri keyfiyyətli aparılmayıb, binanın divarlarında çatlar əmələ gəlib. Sabiq səfir Tələt Əliyev isə bu iddiaları qəbul etmir. O, Kiyevdə keçirdiyi mətbuat konfransında mənimsəmə iddialarının şəxsi qərəzçilikdən irəli gəldiyini, binadakı çatların isə yaxınlıqda çoxmərtəbəli bina tikilməsi səbəbindən yarandığını deyib. T.Əliyevin sözlərinə görə, səfir vəzifəsində çalışarkən həmin binanın ərsəyə gətirilməsinə imkan verməyib, Kiyev şəhər rəhbərliyinə dəfələrlə məktublar yazaraq, tikinti işlərinə mane olmağa çalışıb. Ondan sonra səfir olan şəxslər də diplomatik missiyanın binasına bitişik ərazidə göydələn tikintisinə icazə verməyiblər. Sabiq səfir deyib ki, yalnız A.Xudiyev gələndən sonra həmin binanın tikintisinə başlanılıb. Bax, bütün bunları yerində araşdırmaq, ittihamların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək, sənədlərlə tanış olmaq və diaspor fəallarının fikirlərini dinləmək məqsədilə mütləq Kiyevə üz tutmaq lazım gəlirdi.
Kiyev bizi -12 dərəcə şaxta ilə qarşıladı. Şəhər hələ mürgülü vəziyyətdə olsa da, “OCEAN” Plaza adlanan ticarət mərkəzinin qarşısında insanların etiraz aksiyasına hazırlaşdığını gördük. Bir qədərdən sonra əraziyə bayraqlar, avtomobil şinləri və səs gücləndirici vasitələr gətirildi. Marağımız kəsb etdiyindən əraziyə toplaşmış insanlara yaxınlaşıb nə baş verdiyini soruşduq. Məlum oldu ki, “OCEAN Plaza”nın səhibləri rusiyalı iş adamlarıdır və onların bundan sonra da Ukraynada qalıb pul qazanması yaranmış vəziyyətə adekvat hesab olunmur. Aksiyanın əsas şüarı isə belə idi: “Ukraynadan rədd olun”. Təxminən 1 saat ərzində rusların və şəxsən Vladimir Putinin ünvanına müxtəlif ittihamlar səsləndirib dağılışdılar. Ticarət mərkəzinin qapıları açıldı, giriş-çıxış bərpa olundu və beləliklə rusların obyekti həmişəki rejimdə fəaliyyətə başladı…
Kiyevdə ilk müsahibimiz sabiq səfir Tələt Əliyev oldu. Bu bizim onunla ilk ünsiyyətimiz idi. Görüşə yekə bir qovluqla gəlmişdi. Görüşüb hal-əhval tutan kimi, söhbətə başladı:
– Görürsüz də hansı vəziyyətə düşmüşəm. Azər Xudiyev məni qonşularımın içində də rüsvay edib. Camaat deyir ki, bu kişi ahıl yaşında nə iş görüb ki, evində axtarış aparılır? Yoldaşımın səhhəti pisləşib, hamilə olan qızımın səhhəti üçün təhlükəli vəziyyət yaranıb, özüm hər gün ovuc-ovuc dərman atıram. Anlaya bilmirəm ki, nə baş verir və Azər Xudiyevin yaratdığı həngamənin gerçək məqsədi nədir.
– Səfiriyin binasında problemlər üzə çıxıb. Deyilənə görə, suvaqlar qopur, divarlarda çatlar yaranır… Bütün bunları isə keyfiyyətsiz təmir işləri ilə əlaqələndirirlər. İddia olunur ki, külli miqdarda vəsait ayrıldığı halda təmir işləri lazımı səviyyədə aparılmayıb, mənimsəmə hallarına yol verilib. Təmir işləri bilavasitə sizin rəhbərliyinizlə aparılıb. Adınızın hallanması, araşdırmalara cəlb olunmağınız normal deyilmi?
– Təmirdən 10 ilə yaxın vaxt keçib. Necə oldu ki, məndən sonra səfir təyin olunan şəxslər heç bir problem aşkarlamadı, amma Azər Xudiyev aşkarladı? Lap elə tutalım hansısa problem yaranıb. Bu məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməyə nə ehtiyac var idi? Əvvəlcə mənim özümü də səfirliyə dəvət edib, dedikləri problemlərlə tanış edə bilərdilər. Amma Azər Xudiyev Azərbaycana aid məsələyə Ukraynanın hüquq-mühafizə orqanlarını cəlb etdi. Dəfələrlə demişəm, yenə də deyirəm ki, səfirliyin binasında problemlərin yaranmasına səbəb yaxınlıqda tikilən çoxmərtəbəli binadır. Mən səfir olanda binanın tikintisinə qətiyyətlə etiraz edirdim. Çünki bilirdim ki, ərazi sürüşməyə meyillidir, qazıntı işləri səfirliyin binasında problemlər yaradacaq. Bundan başqa, səfirlik binasının təhlükəsizlik məsələlərini də nəzərə alırdım. Həmin binanın aşağı mərtəbələrindən də səfirliyin bütün ərazisi aydın görünür. Oradan otaqların daxilini də aydın şəkildə müşahidə etmək mümkündür. Eynulla Mədətli də binanın tikintisinə şərait yaratmadı. Amma Azər Xudiyev gələn kimi binanı tikməyə başladılar.
– Açıqlamalarınızda qeyd edirsiniz ki, səfir Azər Xudiyev sizə qarşı düşmənçilik edir, qərəzli mövqe tutur. Bu iddialarınız o qədər də inandırıcı görünmür. Təqaüddə olan adamsız, Azər Xudiyevlə yollarınız kəsişmir, ona problem yarada biləcək statusunuz yoxdur, niyə sizə qarşı qərəzli mövqe tutsun ki?
– O mənə vaxtilə barəsində Xarici İşlər Nazirliyinə yazdığım şikayətləri bağışlamır. Özü mənə deyib ki, siz mənim karyera yüksəlişimi ləngitdiz, siz olmasaydız, mən indi daha yuxarı postlarda idim. Bəli, mən inkar etmirəm, onun barəsində fikirlərimi yazmışam. Buna onun qaydalara uyğun gəlməyən davranışları məni məcbur edib.
– Konkret olaraq hansı davranışlarını nəzərdə tutursunuz?
– Mən bu məsələlər barədə danışmaq istəmirdim. Amma məcburam ki, bəzi məqamları açıqlayım. Azər Xudiyevi Moldovaya diplomatik nümayəndə kimi göndərmişdik. Büdcədə onun yalnız məvacib, mənzil və avtomobillə təmin olunması nəzərdə tutulurdu. Nümayəndə kimi də təbii ki, bilavasitə Azərbaycanın Ukraynadakı Səfirliyinə tabe idi. İşə başlayandan bir qədər sonra Moldovanın Xarici İşlər Nazirliyindən mənə məktublar gəlirdi ki, nümayəndəniz hər yerdə səfir kimi qarşılanmasını tələb edir. Təsəvvür edin, səfirliyə bildirmədən Kişinyovda özünə ofis icarəyə götürmüşdü. Qapısına da lövhə vurmuşdu ki, bura Azərbaycanın nümayəndəliyidir.
– Nümayəndəlik üçün ofis yaratmağın nəyi pisdir ki?
– Axı bu, diplomatik fəaliyyətdir. Biznes şəbəkəsi, kommersiya qurumu deyil ki, kim necə istəyir elə də davransın. Atılan bütün addımlar dövlətin müəyyən etdiyi qaydalara əsaslanmalıdır. Özbaşına hərəkət etmək olmaz axı. Dövlət lazım bilsəydi, nümayəndəlik üçün ayrıca yer müəyyənləşdirərdi. Əgər mənimlə əvvəlcədən məsləhətləşsəydi, təbii ki, buna etiraz edərdim. Amma biz Azər Xudiyevin işlərindən sonralar xəbər tuturduq. Bir qədərdən sonra isə öyrəndim ki, Azər Xudiyev Avropa ölkələrinin Moldovadakı səfirliklərinə məktub yazaraq özünə və tanımadığımız başqa şəxslərin adına viza açılmasını istəyir. Həmin notalar Moldovadan mənə göndərilirdi ki, “bu işgüzar” səfərlərdən sizin xəbəriniz varmı? Gah Fransa səfirliyindən viza istəyirdi, gah Almaniya, gah da Rumıniya. Təsəvvür edin, bu səfərlərdən nə səfirliyin, nə də XİN-in məlumatı olurdu. Viza istədiyi adamların adı qarşısında müxtəlif vəzifələr yazırdı. Fransaya bir xanımla gedirdi, Almaniyaya başqa xanımla. Halbu ki, nümayəndədən başqa bizim başqa bir ştatımız yox idi. Ümumiyyətlə, nə biz, nə də XİN onu həmin müddətdə hansısa digər ölkəyə səfərə göndərməmişik.
T.Əliyev səfir A.Xudiyevin Moldovada nümayəndə olarkən xarici ölkə səfirliklərinə göndərdiyi məktubların nüsxələrini bizə də təqdim etdi. Əvvəlcə Almaniya səfirliyinə göndərilmiş məktubla tanış oluruq (Şəkillər əlavə olunur – Red). A.Xudiyev Almaniyanın Moldovadakı səfriliyindən xahiş edir ki, “işgüzar səfərlə” əlaqədar olaraq ona və Nadejda Krukoviç adlı xanıma viza açılsın. Məktubda xanımın vəzifəsi “tərcüməçi” kimi qeyd olunub. Səfər Kişinyov-Buxarest-Berlin-Kişinyov marşurutu üzrə 07-14 iyun 2004-cü il tarixlərini əhatə edib. Maraqlıdır ki, A.Xudiyev Almaniya səfərindən qayıdandan az sonra Fransaya yollanıb. Bu dəfə isə başqa bir xanımla. Fransa səfirinə göndərilmiş məktub da eyni məzmundadır. Yenə də işgüzar səfər. Lakin bu dəfə onunla tərcüməçi kimi Tatyana Jitari adlı xanım gedib. Fransaya səfər Kişinyov-Buxarest-Paris-Berlin-Kişinyov marşrutu üzrə 17 gün davam edib – 12-29 iyul 2004-cü il.
Bu səfərlərdən əvvəl isə A.Xudiyev Rumıniyanın Moldovadakı səfirliyinə məktub göndərərək özünə və İlqar Gülmalıyev adlı şəxsə viza istəyib. İkincinin vəzifəsi isə məktubda “Nümayəndənin asistenti” kimi qeyd olunub. Halbu ki, A.Xudiyevin rəsmən hər hansı köməkçisi, asistenti olmayıb.
T.Əliyev deyir ki, bütün bu məsələlərlə bağlı o XİN-ə öz fikirlərini yazılı şəkildə göndərib: “Mənə hələ də məlum deyil ki, Azər Xudiyev adını “işgüzar” qoyduğu səfərlərə əslində niyə gedib. Amma təkcə bu deyil. Başqa məsələlər də var və mən hamısını açıqlamaq istəyirəm. Başqa sənədlər də var, onları da göstərəcəm. Ayrı-ayrı adamlara görə Moldovanın dövlət idarələrinə arayışlar təqdim edib ki, bütün bunlardan səfirliyin xəbəri olmayıb…”
Sabiq səfirlə söhbətimizin ardını növbəti hissədə oxuya biləcəksiniz. Onu da biləcəksiniz ki, səfirliyimizin binası ilə “çiyin-çiyinə” dayanan çoxmərtəbəli binaya necə çətinliklə daxil olduq, cənab səfirlə Dnepr şəhərində nə danışdıq və o bizi nədə günahlandırdı, diaspor fəalları hansı mətləblərə toxundular…
Nicat DAĞLAR, Missiya.az
www.yenicag.az