Arılar arasında yeni bir xəstəlik yayılır: Arı ailələri bu xəstəlik səbəbindən məhv olur
Son illər Azərbaycanda arı ailələrinin kütləvi şəkildə tələf olması arıçılar arasında ciddi narahatlıq yaradıb. Mütəxəssislər arı ölümlərinin artmasını həm yeni xəstəliklər, həm də iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, arı ölümləri arıçılıq tarixində yeni hadisə deyil:

“Arı ölümləri, açığı, həmişə olub. Hələ 70-ci illərdə Varroa gənəsi ortaya çıxanda arı ailələri indiki kimi sürətlə tələf olurdu. Həmin dövrdə təxminən 30 faiz arı ailəsi sağ qalmışdı. Sonradan bu gənəyə qarşı dərmanlar tapıldı və arıçılıq yenidən inkişaf etməyə başladı. Bundan sonra ard-arda bir neçə xəstəlik yayıldı. Traxeyada yaşayan Acarapis woodi gənəsi, daha sonra Nozema xəstəliyi geniş yayılmışdı. Bu xəstəliklər dalğa kimi gəlib-getdi və biz müəyyən yollarla öhdəsindən gəldik”.
Assosiasiya sədri qeyd edib ki, ötən ilin yayının sonlarına doğru arılar arasında virusoloji xəstəliklər kəskin şəkildə artıb:
“Keçən il yayın axırlarına yaxın viruslar sürətlə yayılmağa başladı. Nümunələri toplayıb Türkiyədə laboratoriyaya göndərdik və cavab gəldi ki, arılarda bir neçə virus geniş yayılıb və tələfata səbəb olub. Bir növ pandemiya kimi idi”.
Bədrəddin Həsrətov bildirib ki, ilkin mərhələdən sonra ölümlər nisbətən səngisə də, vəziyyət hələ də tam aydın deyil:
“Bir müddət davam elədi, sonra elə bil sakitləşdi. Hazırda təxminən 40–50 faiz itkidən danışılır, amma dəqiq siyahıyaalma aparılmayıb. Adətən yazda aparılır. İndi gözləyirik ki, qışlamaya qoyulan arılar yazda hansı vəziyyətdə çıxacaq”.
Ekspert arıların zəifləməsində iqlim dəyişikliklərinin mühüm rol oynadığını da vurğulayıb:
“Yayın sonlarına yaxın həddindən artıq istilər oldu. Arılar lazımi proteinli çiçək tozlarını toplaya bilmədilər, qida çatışmazlığı yaşandı. Orqanizm zəiflədi və tələfat başladı. Payızda yağışlardan sonra çiçəklər artdı və arılar bir qədər canlandı. Bunlar şəxsi müşahidələrimdir və mütəxəssislərlə də məsləhətləşmişik”.
Onun sözlərinə görə, ötən il arıçılıq üçün daha təhlükəli olan yeni bir gənə növü də aşkarlanıb:
“Keçən il Tropilaelaps adlı yeni bir gənə növü yayılmağa başladı. Bu gənə əvvəlkilərdən fərqli olaraq birbaşa sürfələrdən qidalanır və balaların doğulmasına imkan vermir. Varroa gənəsindən təxminən 20 dəfə sürətlə çoxalır. Əsasən isti ölkələrdə yayılıb və artıq bizdə də təsiri hiss olunur. Zaman-zaman belə problemlər olub. İqlim dəyişikliyi bu proseslərə əlavə təkan verib, amma alimlər bu problemlərin həlli üzərində çalışırlar. Arıçılıq elə sahədir ki, itkiləri qısa müddətdə bərpa etmək mümkündür. Keçən il Amerikada 70 faiz arı ölümü oldu, amma eyni il bərpa etdilər. Arı ailəsini bir ildə 10 dəfəyə qədər artırmaq mümkündür. Ona görə də böyük fəlakət olacağını düşünmürəm”.
Samir Məcid












