Dünyadakı böhranın həlli: BÖYÜK MÜHARİBƏNİN işartısı gəlir - ŞƏRH
Hazırda beynəlxalq münasibətlərdə haqq, ədalət arxa plana keçib. Dünya müharibəsi rəsmi olaraq elan olunmasa da, münaqişəli ərazilərin miqyası onu deməyə əsas verir ki, dünyanın hər yerində müharibə gedir. Klassik müharibə anlayışı Şərqi Avropada, yəni, Rusiya Ukrayna arasında davam edir. Digər ərazilərdə isə assimetrik müharibələrin getdiyinin şahidi oluruq. Yaxın Şərqdə Böyük İsrail dövlətinin qurulması üçün aparılan müharibələr sözdə atəşkəslər əldə olunsa da, əslində İsrailin dayandığının şahidi olmuruq. Amerika qitəsindəki toqquşmalar isə karterlərlə dövlətlər arasında gedir. Artıq bu siyahıya Braziliya da qoşulmuş oldu.
ABŞ sözdə karterlərə qarşı müharibə elan edib. Ancaq məsələnin mahiyyətinə baxdıqda, məsələ narkotik ticarəti yox, Venesuelada hakimiyyəti devirmək və ABŞ kuklası olan, sözdə demokratik qüvvələrin hakimiyyətə gətirilməsidir. Çünki ABŞ Venesuela neftini və qızılını özü mənimsəmək niyyətindədir. Rusiya da, Çin də başqa xalqların, başqa dövlətlərin təbii sərvətlərini sümürmək üçün addımlar atır. Açığı burada qeyri-adi bir şey də yoxdur. Tarix boyu bu belə olub, bu gün də belədir, sabah da belə olacaq.

İnsan ölümlərinə üzülürük, zülmlərə əsəbləşirik. Ancaq bunlar böyük dövlətlər üçün statistikadan başqa bir şey deyil. Ümumiyyətlə, demokratiya, insan haqları adı altında girilən bütün ölkələrdə xaos hökm sürür.
Tramp deyir ki, münaqişələri yatırtmaqdan həzz alır. Açığı hansısa bir ölkənin münaqişəni dayandırmaq üçün can atdığını demək axmaqlıq olardı. ABŞ-nin silah sənayesi demək olar ki, hər gün milyonlarla dəyəri olan müqavilələr imzalayır. Tramp Yaponiyadan, Avropa İttifaqından tutmuş, Ərəb ölkələrinə qədər hamısını məcbur edir ki, ABŞ iqtisadiyyatına sərmaye qoysun. Çin Rusiya Ukrayna müharibəsi başlayanda atəşkəsdən, sülhdən danışan bəlkə yeganə ölkə idi. Artıq o da anladı ki, üzdə sülh deyib, arxada müharibənin uzanması üçün atdığı addımları gizlədə bilmir, ona görə də, artıq Çin də bu mənasız sözlərdən istifadə etmir. Çinin atdığı addımlara baxırıq – ancaq müharibələrin uzanması üçündür. Çin bu il iki müharibədə konkret olaraq tərəf olduğunu da göstərdi. Bunu həm Hindistan Pakistan, həm də İran İsrail toqquşmasında göstərdi. Pakistana ciddi hərbi dəstək verən Çin, İranın müdafiəsi üçün həm hava hücumundan müdafiə sistemlərini qısa zamanda çatdırdı, bundan əlavə radioelektron mübarizə və təyyarə daşıyan gəmilərini Fars körfəzinə gətirdi. Bundan əlavə çox ciddi iddialar var ki, İranın xüsusilə İsrailin Hayfa şəhərini vurulması prosesini birbaşa Çin istəyib və koordinatlarla bağlı yardımlar edib. Niyə? Çünki Çin Hayfa limanını almaq üçün “dəridən qabıqdan çıxırdı”, ancaq əldə edə bilmədi.
Rusiyaya gəldikdə isə son 300 ildə Rusiya müharibəsiz keçinməyib. Rusiyanın müharibələr edərək dağılacağı yox, müharibəsiz dönəmə keçəcəyi təqdirdə dağılacağı daha ağlabatandır. Ümumiyyətlə, Rusiyanın Ukrayna müharibəsinin dayanmasında maraqlı olduğunu düşünmürəm. Dünyada baş verən proseslərə baxanda böyük müharibəyə hazırlığın getdiyinin şahidi oluruq. Rusiyanın da Ukraynada apardığı müharibə ilə paralel müharibəyə hazırlaşdığını da müşahidə etmək olur. Rusiya qısa zamanda Ukraynanı işğal edə bilmədiyi kimi, Rusiyanın qısa zamanda dağılacağı yönündəki proqnozlar gerçək olmadı.

Rusiyanın işğalçı siyasətinin Ukrayna ilə yekunlaşacağı inandırıcı deyil. Son bir neçə ayda Türk Dövlətlər Təşkilatının üzvlərinin demək olar hamısı eyni zamanda həm Rusiya, həm də ABŞ ilə görüşlər keçirir. Sözü gedən Təşkilat ya hər iki qütb üçün bufer rolunu oynayacaq, ya da ağır müharibələrlə üz-üzə qalacaq. Cənubi Qafqazda uzlaşmanın əldə edilməsi onu göstərir ki, Orta Asiya ilə bağlı da belə bir uzlaşma mümkün ola bilər. Xəritəyə baxdıqda bu variant daha inandırıcı gəlir. Ancaq dünyadakı müharibə kampaniyasını göz ardı etmək də olmaz. Tiflisin meri Kaxa Kaladze açıqladı ki, Rusiya Ukraynada işğalçı müharibəyə başlayanda onlara da müharibəyə başlamaqla bağlı təklif olunub. Ancaq onlar imtina ediblər. Bir əminlik var ki, bu təklif bir çox ölkələrə götürülüb. Yəni, müharibə qapısı açıqdır.
Azərbaycana gəldikdə isə, rəsmi Bakının müharibədən daha çox əməkdaşlığa meylli olması daha çox sezilir. Çünki 30 ilə yaxın Azərbaycanın bir nömrəli problemi Qarabağın işğal edilməsi idi. İndi də Qarabağı yenidən tikmək ölkənin qarşısında duran əsas məsələdir.
Dünya ağır böhran içərisindədir və bu daha da dərinləşəcək. Böyük müharibə olmadan bu böhranın həll olacağı da inandırıcı görünmür…
Səxavət Məmməd












