“Hər bir namizəd seçkilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə əhaliyə çatdırmalıdır. Bu səbəbdən MSK namizədlərinin istəyini nəzərə alaraq, televiziyadakı debatların müddəti 21.00-23.00 arasında müəyyənləşəcək. Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi”.
Yenicag.az xəbər verir ki, bunu bu gün “Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri” mövzusunda keçirilən seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov qeyd edib ki, namizədlər açıq və qapalı yerlərdə görüşlər də keçirəcək, lakin bu halda kütləvilik KİV-lərdən çox ola bilməz:
“KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir. KİV-lər namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV-lər bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-lərin peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. 3-4 mərkəzdə KİV-in rolu üzrə monitorinq keçiriləcək, bütün seçki müşahidə missiyaları KİV-lərdə namizədlər üçün yaradılan şəraiti hesabatlarında qeyd edəcəklər”.
Azərbaycan prezidentinin köməkçisi bildirib ki, namizədlərdən biri prezidentdir:
“KİV-lərdə ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-lərin bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri də pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də keçərli olmalıdır”.
Səxavət Məmməd
Foto: Cəmalə
www.yenicag.az