Əlillər üçün evlər tikilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimayyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, ilin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.
Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.