“Fikrimcə, əmlak bazarında müştəri qıtlığı artdıqca, qiymətlərdə müəyyən azalmalar baş verəcək”.
Bu fikirləri əmlak bazarında müştəri aktivliyinin azalmasına təsir edən amilləri dəyərləndirən ekspert Elnur Fərzəliyev Yenicag.az– açıqlamasında deyib.
Onun sözlərinə görə, 2023-ci ilin oktyabr ayından başlayaraq, əmlak bazarında ciddi müştəri qıtlığı yaşanır:
“Əmlak bazarında yaranan müştəri qıtlığının müxtəlif səbəbləri var və onlardan biri qiymətlərin süni şəkildə şişirdilməsidir. Bundan əlavə, artıq vətəndaşlar üçün kredit şərtləri ilə mənzil almaq variantı da çətinləşir. Ancaq potensial alıcıların əksəriyyəti məhz kreditlə mənzil almağa üstünlük verir.
Qiymətlərə nəzər yetirsək görərik ki, güzəştli kreditlər üçün illik 4 faiz olan maksimal kredit limiti 100 min manat, illik 8 faiz kredit üçünsə maksimal hədd 150 min manatdır.
Ötən illərdə daşınmaz əmlakın qiyməti nisbətən əlçatan olsa da, hazırda ipoteka predmetinə çevrilə bilən yeni binalardakı birotaqlı təmirli, çıxarışlı mənzilin satış qiyməti paytaxtın mərkəzə yaxın ərazilərində minimum 120 manatdan başlayaraq 200 min manata qədər dəyişir. Vətəndaş isə 25 illik kreditlə mənzil seçərkən, birotaqlı mənzil almağı düşünmür.
Həmçinin köhnə binalarda, xüsusilə, doqquzmərtəbəli binalardakı mənzillər də ipoteka predmetinə çevrilə bilir. O binalarda da birotaqlı mənzilin satış qiyməti 100 min manatdan az deyil. Fikrimcə, əmlak bazarında müştəri qıtlığı artdıqca, qiymətlərdə müəyyən azalmalar baş verəcək.
Əmlak bazarında bahalığın başqa bir səbəbi isə ötən illərlə müqayisədə yeni binaların tikintisində intensivliyin azalmasıdır. Düşünürəm ki, yaxın zamanda yeni ipoteka kreditləri ayrılar və əmlak bazarında müştəri aktivliyi nisbətən artar”.
Nuray Məmmədzadə
www.yenicag.az