Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) Mərkəzi İdarə Heyəti (MKYK) prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan partiyanı qurultaya aparacaq qərarı AK Partiya Mərkəzi İdarə Heyətində imzalayıb.
Əldə edilən məlumata görə, iclasda qurumun sədr müavini Erkan Kandemir qurultaya hazırlıqla bağlı təqdimatında bu proseslə bağlı həyata keçiriləcək təqvimi təqdim edib.
Planlaşdırılan təqvimə əsasən, AK Partiyanın qurultay təqvimi sentyabrın 4-də başlayacaq. Oktyabrın 12-dən etibarən ilk konfranslar şəhər və rayonlarda keçiriləcək. Əyalət konfranslarının aprelin sonunadək başa çatdırılması, qurultayın isə 2025-ci ilin mayında keçirilməsi planlaşdırılır.
Ərdoğan partiyada və ictimaiyyətdə dəyişikliklə bağlı müzakirələrə “Təyin etdiyimiz təqvim və əsasda olacaq” şəklində şərh verib və böyük qurultaya işarə edib. Qurultaylarla həm əyalət, həm də rayon təşkilatlarında, partiya rəhbərliyində ciddi dəyişikliklər gözlənilir.
Ərdoğanın xüsusilə 2028-ci il seçkilərini nəzərə alaraq MKYK-da dəyişikliklər edəcəyi və partiya vitrininin daha gənc kadrlardan ibarət olacağı bildirilir. İndiyə qədər Ərdoğan həm qurultay, həm də seçki prosesində hazırkı heyətinin 50 faizindən çoxunu dəyişməyi seçib. AK Partiyadakı mənbələrdən verilən məlumata görə, növbəti qurultayda daha geniş dəyişikliyin olacağı gözlənilir.
Nəsimi Ələsgərli
www.yenicag.az