Erməni əsirə baş çəkdilər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları dekabr ayında Ağdam rayonunda saxlanılan hərbi əsir Arsen Baqdasaryana baş çəkiblər.
BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, komitənin nümayəndələri bu gün əsirə baş çəkib.
Ona ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.
Qeyd edək ki, düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü 2014-cü ilin dekabrın 26-da ələ keçirilmişdi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
(müsavat.com)