!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz "Arabo" batalyonunu belə məhv etdik" - VİDEO

!Reklam – Yazi

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmamız davam edir.

Ötən yazı “Gəncə batalyonu”nun döyüşçüsü “Qəqəni” ləqəbli Razim Dəmirovun döyüş yoluna həsr olunmuşdu. Yazıda 15 yaşlı Razim Dəmirovun “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibimiz 1988-ci ildən müharibə bitənə qədər döyüş meydanlarında olmuş Əli Sadıqovdur.

Yenicag.az Əli Sadıqovla müsahibəni sizə təqdim edir.

Sadıqov Əli Qabil oğlu 1971-ci il mart ayının 26-da Gəncə şəhərində anadan olub. 1988-ci il 22 noyabr tarixindən Gəncə şəhərində başlayan mitinqlərə qatılıb. Mehman Ələkbərovun sayəsində xalq hərəkatına da qoşulub. 1990-cı ilin noyabr ayında sovet ordusuna əsgər gedib. Çavuşluq kursu oxuyub, mühafizə alayında komandir müavini olub. 1992-ci ilin mart ayının ortalarında Azərbaycana göndərilib. Ağdamda Şirin Mirzəyevin komandirlik etdiyi alayda xidmətə başlayıb. 1992-ci ilin aprel ayının 9-da tərxis olub. 1992-ci ilin may ayının 5-də Gəncə batalyonuna qoşulub. 1993-cü ilin aprel ayında ağır yaralandıqdan sonra ordudan tərxis olunub.

– Hərbi xidmətə getməmişdən əvvəl hadisələrin içərisində olmusunuz. Bunlar barədə danışaq.

– 1989-cu ilin sentyabr ayında Mehri rayonu Nüvədi kəndində olduq. Mehman Ələkbərov, Rüzgar, Bəxtiyar, Abbasqulu ilə 25 gün Nüvədidə qaldıq. 1990-cı il yanvar ayının 6-7-si Gəncədə mitinq zamanı xəbər gəldi ki, Todanda ermənilər dinc əhalini qırıb. 1000-2000 adam yığışaraq Gəncə şəhər Xalq cəbhəsinin binasının qarşısına yığışdıq. Polislər silahlandı. İki yerə bölündük, bir hissə Çaykəndə, bir hissə isə Todan istiqamətinə hərəkət etdik. Mən Todana getdim. Biz ora çatanda gördük ki, sakitçilikdir, heç kimi öldürməyiblər. Möhkəm qar yağmışdı. Heç vaxt güllə atmayan adam, əlimdə qoşalülə var idi. Açığı camaata qoşulub gəlmişdim. Hücuma keçmək istəyirdik. Bəxtiyar, Rüzgar, Abbasqulu bizdən 30 metr öndə idi. Qarşı tərəfdə təpə var idi. 2 helikopter gəldi. Helikopterin birindən ağ, digərindən də qara paltarlılar iplə aşağıya enməyə başladılar. İplə enərkən də güllə atırdılar. Həmin vaxt Bəxtiyar, Rüzgar və Abbasqulunu vurdular. Biz geri çəkildik. Bizim əlimizdə qoşalülə, onlarda isə avtomat idi. Todanın icra nümayəndəsi mənim yanımda vuruldu. Donub qaldım. Ayaqlarım tutuldu, dizlərimi yerə qoydum. 7-8 nəfər idik, əlimizi qaldırdıq, bizə güllə atmadılar. Onun meyitini götürüb gəldik.

– Tərxis olandan sonra yenidən müharibəyə qoşuldunuz, bu dəfə könüllü kimi…

– Mehman Ələkbərov qonşumuz idi. Ondan örnək alırdıq. 18 yaşım tamam olmamış ona qoşularaq bir çox yerlərdə olmuşdum. Tərxis olunandan sonra da, gəldim onun yanına. Birinci Marquşavan döyüşündə mən Gəncə batalyonuna qoşulmamışdım. İkinci Marquşavan döyüşündə batalyona qoşulsam da, həmin döyüşdə iştirak etmədik. O zaman Qəbələyə getmişdik.

– Qəbələyə niyə?

– May ayının 10-da Rəhim Qazıyevin əmri ilə 20 nəfərə yaxın mülki geyimdə Qəbələyə getdik. Orada raket bazası var idi. Hərbi hissənin komandirinin adı yadımdan çıxıb, rütbəsi polkovnik idi. Onu əsir götürmüşdük. Bizə dəqiq məlumat çatmışdı ki, hərbi hissə komandiri evindədir. Onu evindən əsir götürdük. Bizi Qəbələdə qarşılayanlar da olmuşdu. Onu evindən götürüb, gətirdik hərbi hissəyə, raketləri alıb, oradan çıxdıq. Həmin raketləri gətirdik Kürdəmirə. Orada raketləri dəyişdik. Həmin raketlərdən 2-sini Mingəçevirə qoyduq. Digərlərini hərbi hissəyə təhvil verdik. O raketlədən biri Ağdərəyə, digəri isə Xankəndinə atılmışdı. Xankəndinə atılan raket partlamışdı, Ağdərəyə atılan raket isə yox. (Raketlərin Qəbələdən gətirilməsi və xəritələrin oğurlanması barədə geniş materialı sizə təqdim edəcəyik).

– Arabo ilə qarşılaşana qədər hansı əməliyyatlar oldu?

– Birinci Torpaqtəpə əməliyyatı oldu, ancaq bu əməliyyat uğursuz alındı. İkinci Torpaqtəpə əməliyyatı iyun ayının 15-də baş verdi. Torpaqtəpəni aldıq, hətta Çaylının yaxınlığına qədər getdik, ancaq orada iki batalyonun komandirlərinin səhv qərarı nəticəsində ordumuzun 30-a yaxın əsgəri həlak oldu. Əməliyyatdan əvvəl danışılmışdı ki, həmin ərazinin alındığını bildirmək üçün Talış, Gülüstan istiqamətindən 3 fişəng atılmalı idi. Ancaq 2 fişəng atıldı, üçüncüsü isə atılmadı. Mehman Ələkbərov Şahin Tağıyevə və o zaman Bərdə batalyonunun komandirinə dedi ki, üçüncü fişəng atılmadı, Çaylıya girmək olmaz. Şahin Tağıyevlə Bərdə batalyonunun komandiri əsgərlərini irəli göndərib. Qəbiristanlıqda iki batalyon qarşılaşıb. Onlar bir-birini düşmən əsgərləri bilərək, güllələyiblər. 30-a yaxın əsgərimiz orada həlak oldu. Mehman Ələkbərov bizi o döyüşə buraxmadı.

Gecə 2-3 radələrində gördük səs gəlir. Əvvəl elə bildik ki, ermənilərdi. Ancaq sonradan məlum oldu ki, Şahin Tağıyevin batalyonunun əsgərləridir.

– Arabo ilə qarşılaşmazdan əvvəl nə baş verdi?

– Biz Həsənqayanı düşməndən geri almışdıq, əslində əks həmlə gözləyirdik. Həsənqayada postlarımızı qurmuşduq. Gecə 8 nəfərlə kəşfiyyata gedəsi olduq. Gecə saat 1-2 arası çatdıq. Üçüncü savxozun maşın qarajı var idi, o istiqamətdə getdik. Mehman Ələkbərov bizi böldü və hər birimizi bir istiqamətə göndərdi. Fermanın yanında yol var idi, onun tininda dayanmışdım. Yanımız da taxıllıq idi. Gecə saat 3 olardı, taxıllıqdan ulaşma səsi gəlirdi. Özümdən asılı olmayaraq həyəcanlandım, bir anlıq bədənim titrədi. Gəldim Mehmanın yanına. Dedim, komandir, yaman ulaşırlar. Mənə dedi ki, niyə sənə tapşırılan yeri qoyub buraya gəlmisən? Gecədir, yəqin qorxmusan, qayıt yerinə. Qayıtdım həmin yerə. Vahimələnirdim səslərdən. 10 dəqiqə sonra yenə geri qayıtdım. Mehman əsəbiləşdi, dedi, niyə gəldin? Dedim, vallah özümdən asılı olmayan bir şeydir. Mənə dedi, get uşaqlara xəbər elə, qayıdırıq geriyə. Biz qayıtdıq batalyonun yerləşdiyi qaraja.

– Döyüş nə zaman başladı?– Hava açılmamışdı. Gecə saat 4 olardı, bir nəfər gəldi ki, ermənilər ön posta basqın ediblər, postu alıblar. Hamı silahları götürüb cəmləşdi. Atışmanın getdiyi istiqamətə fokuslanmışdıq. Hadisənin baş verəcəyi əraziyə heç baxmırdıq da. Alınmış postumuzun istiqamətində bir neçə saat atışma oldu. Mehman məni çağırdı. Sağ istiqamətə hərəkət etdik. Baxdım ki, Mehman atışma gələn istiqamətə yox, sağ istiqamətə baxır. Özlüyümdə dedim ki, bu niyə o istiqamətə baxır, erməni üzbəüz döyüşür, ancaq komandir başqa yerə baxır. 10-15 dəqiqə sonra geriyə qayıtdıq. Mənə tapşırdı ki, Fazilə deyim, QAZ 66-nı işə salsın. Mehmanla Mahir Hüseynov söhbət edirdilər. Fazil maşını işə saldı, Mehman maşına oturmamış, Mahir və yanındakı əsgərlər qaçmağa başladı. Maşınla hərəkətə keçirdik, Mehman “QAZ 66″ya pulemyot yerləşdirmişdi. Özü pulemyotdan atırdı. Biz üzümlüyün tininə çatmamış, Mahir Hüseynov qumbaraatandan bir neçə dəqiqə ardıcıllıqla 2 mərmi atdı. Evə bənzəyən bir yer var idi, oranı vurdu. Ermənilər aşa-aşa içəridən çıxdılar. Mahir xırda təpə var idi, orada mövqe seçmişdi. Ermənilərdən biri həmin təpəyə qalxanda, Mahir uzanıb qumbaraatandan atəş açdı. Gözümün qabağında erməninin ayağı uçub ağaca düşdü. Mahirgilə çatdıq. Yanımda tibb bacısı Yetər və Güləhməd var idi, onlar sola tərəfə – narlığa getdi, mən isə binanın arxa tərəfi ilə hərəkət etdim. Narlıq gözümün qabağını kəsirdi. Ermənilərin hansı istiqamətdə olmasına açıqlıqdan baxmaq istəyirdim ki, oraya doğru gedim. Binanın yanı ilə sürünəndə 3-4 nəfər gördüm, əvvəl elə bildim onlar ermənilərdir. Sonradan məlum oldu ki, Tərtər batalyonunun uşaqlarıdır. Haşiyədən kənara çıxaraq deyim ki, Tərtər batalyonundan həmin döyüşdə cəmi 3-4 nəfər iştirak edib.

Bunlara arxayın olduqdan sonra, geriyə çəkildim, Güləhmədlə Yetəri gördüm. Onlar ikisi də qan içində idi. Onlara kömək etdim. Boğazım qurumuşdu. Başımdan kaskanı çıxarıb kanaldan su götürdüm. İçi çör-çöp idi, onu içdim. Mehman Ələkbərov bizə yaxınlaşdı, ətrafa baxdı. Mahirə dedi ki, arx istiqamətini qumbaraatanla vur, onlar qorxsunlar, biz başlayaq. Mahir qumbaraatanla bir neçə mərmi atdı. Ardınca hücum başladı. O an nələr oldu, danışmaq olmur, biri söyə-söyə, biri qışqıra-qışqıra, arxın içirəsindəki ermənilərə mərmini yağış kimi yağdırdıq. Ermənilər 3 istiqamətdə – sağdan, soldan və öndən tam mühasirədə idi. O arxın içərisi qarışqa yuvasının ağzına oxşayırdı, tam mühasirədə idilər. Yerlərində tərpənirdilər, mərmi də üstlərinə yağırdı. 3 maqazinim var idi, 3-nü də oradakı ermənilərin üstünə boşaltdım.

– Sizdən necə, qorxub qaçan olmuşdu?

– Birincisi biz bilmirdik ki, onların sayı bizdən qat-qat çoxdur. Mehman qaçan əsgəri sevməzdi. Bir şeyi deyim, Mehman arxaya bir əsgər qoymuşdu ki, bizdən qaçan olsa vursun.

Səxavət Məmməd

www.yenicag.az

4439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv