“Ukrayna məsələsinin bitməsi Ermənistanla bağlı qərarları gündəmə gətirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın NATO ilə son günlər daha da yaxınlaşmasının Rusiyada necə qarşılanacağından və Kremlin İrəvana qarşı hansı addımları atacağından danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, iqtisadiyyatı Rusiyadan asılı olan Ermənistan üçün Kremlin kifayət qədər çox təzyiq imkanı var.
“Nəzərə almaq lazımdır ki, sanksiyalardan sonra Ermənistan və Rusiyanın ticarət dövriyyəsi kifayət qədər artıb. Eyni zamanda, Rusiyada 500 mindən çox erməninin yaşayıb, işlədiyi xüsusi vurğulanmalıdır. Onların ötən il Ermənistana göndərdiyi vəsait isə 4 milyard dollardan artıqdır. Yəni Rusiyadan ən çox xeyir götürən ölkə məhz Ermənistandır. Sadalananlar göz önünə gətirildikdə Kremlin İrəvana qarşı kifayət qədər təzyiq imkanı olduğu açıq-aydın görünür”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiya hələ ki, digər təzyiq vasitələrindən istifadə etmir.
“Səbəb isə hər kəsə aydındır, Ukrayna ilə müharibə. Kreml indiki zamanda əlavə cəbhə açmaq marağında deyil.
Rusiya prezidenti Vladimir Putin Rusiyada keçirilən görüşdə Ermənistan baş naziri Nikol Paşinyanı müəyyən məsələlərdə başa saldı. Paşinyanın isə nə qədər başa düşdüyünü yaxın aylar göstərəcək.
Ukrayna müharibəsi bu olmasa da, gələn il mütləq yekunlaşacaq. Artıq dünya da bezdi. Ukrayna məsələsinin bitməsi isə Ermənistanla bağlı qərarları gündəmə gətirəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az