“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın qəbul edilməsi keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün şərait yaradır”.
Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bizim praktikada ilk dəfə olaraq strategiya tam kollektiv və kollegiyal sənəddir. Strateji sənəd hazırlanarkən yaradılmış sahəvi işçi qruplara aidiyyəti sahənin rəhbərləri, nazirliklər rəhbərlik edib. Cənab Prezidentin qarşımızda qoyduğu hədəflərlə icra səviyyəsindən, yəni aşağıdan hədəflərə necə nail olmaq mümkünlüyünün vəhdətinin yaradırıq. Əsas hədəflərimiz yüksək rifah cəmiyyətinin qurulması, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə inteqrasiyasını, milli iqtisadiyyatın innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsidir”, – M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, həmçinin strategiyadan irəli gələn başqa sənədlər və tədbirlər qəbul olunacaq: “Məsələn bu və digər sahədə özəlləşdirmənin həyata keçirilməsi, kiçik və orta biznesin maliyyələşməsi imkanlarının genişləndirilməsi, bu və digər strukturun yaradılması, bəzi məqsədlər üçün, məsələn “Böyük Qayıdış” üçün vəsaitlərin hansı həcmdə ayrılmasını əks etdirir”.
Nazir vurğulayıb ki, bu sənəd ölkənin sosial-iqtisadi həyatının bütün aspektlərini əks etdirir.
Xatırladaq ki, strategiyaya əsasən 2022-2026-cı illərdə Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 3‒4 %, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5 % artacaq. Özəl sektorun iqtisadiyyatda payı isə 88 %-ə çatdırılacaq.
www.yenicag.az