Fövqəladə Hallar Nazirliyinin işçilərilə bağlı qanun dəyişdirildi
Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsinə dəyişiklik edilib.
Mövcud dəyişiklik qanun layihəsinin 23.1-ci maddəsinin yeni redaksiyada verilməsidir.
Dəyişikliyə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir.
Xatırladaq ki, dəyişiklikdən öncə fövqəladə hallar orqanları əməkdaşlarının həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq icbari sığorta edilməsi qeyd olunurdu.
Qanun layihəsinə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə də dəyişiklik edilib.
Mövcud qanunun 56-cı maddəsinə edilən dəyişikliyə əsasən, tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta edilirlər.
Mövcud variantda isə həyat və sağlamlıq üçün təhlükəli şəraitdə dövlət səhiyyə sistemində fəaliyyət göstərən mütəxəssislər qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına məcburi sığorta olunurlar.
Xatırladaq ki, dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əczaçılıq işçilərinin ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.
Layihə səsvermədən sonra qəbul edilib(modern).