Fransanın yeni Suriya planı – Rusiyanın monopoliyasına son qoyulur

Almaniya və Fransa Suriya üzrə danışıqlarda münaqişənin nizamlanmasını təmin edə biləcək nüfuzlu dövlətlərdən ibarət yeni formatın yaradılmasını təklif edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Hayko Maas çıxışı zamanı bildirib. O, Fransa ilə birlikdə siyasi prosesə yeni təkan verə biləcək nüfuzlu dövlətlərdən ibarət beynəlxalq formatın yaradacağını bildirib.

Qeyd edək ki, bu günə qədər Suriyada münaqişənin tənzimlənməsi üzrə Cenevrə, Soçi və Astanada müxtəlif danışıqlar baş tutub. Lakin bu danışıqlar hələ də Suriyaya sülh gətirməyib. Əsədlə ona müxalif olanlar heç cür razılığa gələ bilmirlər. Nəticədə ölkənin siyasi cəhətdən nizamlanması baş tutmayıb. Belə bir məqamda Parislə Berlin sözügedən məsələnin çözülməsi üçün yeni format təklif edir.

Məsələni Yenicag.az-a şərh edən politoloq Natiq Miri bildirdi ki, danışıqlar üzrə yeni format təklifi Qərbin Suriyadakı çözüm prosesini Moskva-Ankara-Tehran üçlüyünün əlindən almağa hesablanıb:

“Suriya üzrə danışıqlarda yeni formatın yaradılmasına Fransa öncüllük edir. Fransa da bu prosesdə bilavasitə ABŞ-ın maraqlarını ifadə edir. Bu baxımdan aydındır ki, Paris bilavasitə ABŞ-ın təhriki ilə Suriyada mövcud olan Rusiya-Türkiyə-İran üçlüyü kontekstində həyata keçirilən Astana sammitinə alternativ yaratmağı düşünür.

Suriya danışıqları ilə bağlı Cenevrə prosesi ciddi effekt vermədi. Burada bir neçə toplantı keçirilməsinə rəğmən Əsəd rejimi ilə ona müxalif olan güclər arasında heç bir anlaşma əldə olunmadı. Onlar Suriyada siyasi çözüm üçün real perspektivlərin ortaya çıxmasını da təmin edə bilmədilər. Suriyada müxtəlif güc mərkəzləri var. Bütün bu güclərin maraqlarını uzlaşdırmaq isə Cenevrə prosesində mümkün olmadı. Ona görə də iflasa uğrayan Cenevrə toplantısına alternativ yaratmaqla dolayısı ilə Suriyadakı çözüm prosesində ABŞ, Fransa və digər Avropa ölkələri yenidən siyasi masaya oturmaq istəyirlər.

Məsələnin əsas mahiyyəti budur. Yəni dolayısı ilə Suriyadakı siyasi çözüm prosesini Rusiya-Türkiyə-İran üçlüyünün əlindən almaq istəyirlər. Fransa nüfuzlu ölkələr deyəndə təbii ki, Moskva, Ankara və Tehranı da nəzərdə tutur. Ancaq digər ölkələri də siyasi masaya oturtmaqla Suriyadakı prosesləri həmin üçlüyün monopoliyasından çıxarmaq və burada yer almaq istəyirlər. Təklif edilən yeni format təklifində də əsas hədəf məhz budur. Üç gün öncə Fransa prezidenti Makron açıqlama ilə çıxış etdi ki, Türkiyədə keçirilən üçlük zirvəsində iştirak etmək istəyir. Yaxud da həmin üçlük iştirakçıları ilə ayrılıqda görüşün olmasını istəyir.

Bütün bunlar da əslində ABŞ prezidenti Donald Trampla Makronun baş tutan iki görüşündən sonra gündəmə gəlib. Bu faktın özü də bir daha göstərir ki, Makron özbaşına hərəkət etmir. Prosesdə ABŞ-ın geosiyasi maraqları var”.

ELÇİN

COP29