“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək Ailədən Başlayır” adlı layihənin icrasına başlayıb.
Layihə çərcivəsində Gəncə və Bakı şəhərində yaşayan 150 gənc üçün Ailədaxili zorakılıq, Ailə hüququ, Məişət zorakılığı haqqında məlumatlandırma sessiyasının keçirilməsi, insanların zorakılıqdan qorunması üçün mövcud qanunvericilik və preventiv tədbirlər haqqında kitabcanın çapı, Ailə dəyərlərini təbliğ edən filmin hazırlanması nəzərdə tutulub. Layihə çərcivəsində ilk tədbir 75 gəncin iştirakı ilə Gəncə şəhər Gənclər evində reallaşıb.
Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov aşaraq Gənclər Fondunun fəaliyyətinin uğurundan, regionda gənclərə verdiyi töhfədən və “Gənc Vətəndaş” İB-nin həyata keçirdiyi tədbirin əhəmiyyətindən danışıb.
“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin İcraçı direktoru Günel Səfərova bildirib ki, layihənin əsas fəaliyyətləri məişət zorakılığı qurbanı olan gənclərə hüquqi xidmətin göstərilməsi, qadınların məişət zorakılığı ilə bağlı mübarizəyə ciddi cəlb olunmaları, qadınların təlimatlandırılması və qərarverici şəxslərin prosesə cəlb olunması ilə əlaqəlidir.
G.Səfərova xatırladıb ki, 2015-ci il 12290, 2016-cı ildə isə 13089 nikahın pozulması faktı qeydə alınıb və pozulan nikahların əksəriyyətini yeni qurulan ailələr təşkil edir: “Eyni zamanda 2000-ci ilin sentyabrın 1-dən sonra qeydə alınan Nikahın pozulması nəticəsində qadının və onun himayəsində olan uşaqların yaşadıqları ünvana mülkiyyət hüquqları olmadığından həmin əmlakdan Məhkəmə qaydasında çıxarılırlar. Bu kimi hallarda qadınların yaşayış yeri ilə təmin edilməsi ilə bağlı Qanunvericilik aktlarında alternativ sığınacaq mərkəzləri nəzərdə tutulsa da praktikada bu mərkəzlər yalnız QHT-lər tərəfindən məhdud sayda yaradılıb”.
2016-cı il Azərbaycanda 581 məişət zorakılığı qurbanlarının 87 %-nin qadın olduğunu söyləyən Günel Səfərova qeyd edib ki, nikahı pozulduqdan sonra valideynlərinin yanına qayıdan qadınlar ərindən boşandığına görə həm valideynləri, həm qardaşları, həm də yaxın qohumları tərəfindən psixi, fiziki zorakılığa məruz qalırlar ki, bu da Məişət zorakılığı, intihar kimi halların sayının artmasına gətirib çıxarır.
Məişət zorakılığından müdafiə mexanizmlərinin gücləndirilməsi məqsədi ilə ictimai vəkillik kampaniyasının vacibliyini vurğulayan Günel Səfərova, məişət zorakılığı haqqında qanun, qanunun tənzimlədiyi mexanizmlər, mövcud durum haqqında iştirakçılara məlumat verib.
Layihənin eksperti Nuriyyə Abbasova məişət zorakılığından müdafiə mexanizmi olan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsi və məhkəmə praktikasından danışıb. O bildirib ki, təcrübəyə əsasən orderlerin verilməsinə rəğmən qadınların zorakılıqdan qorunma mexanizmləri demək olar ki, cox az işləyir. Həmçinin zorakılıq qurbanlarının əsasən 14-29 yaş arası olduqlarını da vurğulamaq lazımdır.
İştirakçılar gender zəminində stereotiplər barədə fikirlərini bildirib və bununla bağlı təlimçilərə suallar veriblər.
www.yenicag.az