!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gərək yaşayanda belə yaşayasan! Vurğun müəllim kimi, Vurğun Əyyub kimi! – Çingiz Özgür yazır

!Reklam – Yazi

Onu hər gördüyümdə babamı xatırlayardım. Hər görüşümüzün ya əvvəli, ya da axırında babamın çöhrəsi gözüm önünə gələr, bunu hiss edirmiş kimi gülümsəyərək mənə baxardı. Bu xatırlama nə zahiri bənzəmədən idi, nə hərəkət və ya xasiyyət oxşarlığından. Bu başqa bir xatırlama idi…

Mən otağa girəndə babam sağ əlinin bütün barmaqları, sol əlinin 3 barmağı və gözləri yumulu idi. Dodaqlarında pıçıltı vardı… yox, dua etmirdi, nəsə sayırdı. Son vaxtlar qəribə məşğuliyyətlər tapmışdı. Gah dəftər götürüb kəndin bütün sakinlərini siyahıya alar, gah rayonumuzun kəndlərini qol-qol ayırıb, inci kimi düzərdi vərəqə. Ama bu dəfə qarşısında dəftər-qələm yox idi.

Mənim gəlişimi heç hiss etmədi, deyəsən. Yaxınlaşdım, dodaqlarındakı pıçıltının nə olduğunu ayırd etməyə çalışdım; adam adları deyirdi. Diqqətlə fikir verdim, sadəcə kişi adları idi. Bir–bir deyib keçirdi. Və birdən dayandı. Gözlərini açıb sevincək nəzərlərlə baxdı, iki kişi adı deyib, sol əlinin şəhadət və baş barmaqlarını da yumdu. Xoşbəxtcəsinə mənə tərəf gəlib, qucaqladı. Həmişəki kimi, o üzümdən bu üzümdən öpüb, bir də qucaqladı. Bu ikinci qucaqlama təkcə babanın nəvəyə sevgisi deyildi, görülən işin tamamlanmasından yaranan sevinc hissinin bölüşülməsi idi.

– Yenə nə sayırdın, a kişi?

– Kişiləri sayırdım bala, kişiləri. Kəndin kişilərini.

Təzədən başladı. Sağ əlin baş barmağından başlayıb, sol əlin baş barmağına qədər saydı, dayandı: Bəy Vəli, Dəli Fərman, Qoçaq Tağı, Kəblə Hüseyn…

– Kənddə kişiyə nə gəlib, ay dədə.(Biz babamızı belə çağırırdıq) Sən niyə cəmi onunu saydın ki?

– Əsil kişiləri sayıram bala, əsil kişiləri! İki əlin barmaqlarını keçdisə əsil kişilərin sayı, demək ki, şükür yaradana, yaşamağa dəyər.

Babamın saydığı adları mən tanıyırdım, hamısı kəndçilərimiz idi, əlbəttə tanıyacaqdım. Amma babamın dediyi kimi tanımırdım. Mən onda kişi ilə qadını təzə-təzə seçirdim, hələ qaldı ki, əsil kişiləri seçəm.

– Əsil kişi necə olur ki?

– Otur, qulaq as, deyəcəm. 8-9 yaşlı uşağın anlayacağı dildən, aram-aram izah verməyə başlayır…

Qardaşım məndən çox savadlıydı. Doqquzuncu sinifdən sonra riyaziyyat təmayüllü məktəbə göndərmək istəyirdilər hətta. Nəysə ki, alınmadı, elə kənddə başa vurdu təhsilini. Hamı gözləyirdi ki, qəbul olacaq, amma imtahanlardan kəsildi, qayıtdı. Elə o biri qardaşım kimi, o biri qohumlar kimi, kəndçilər kimi. Test üsulu yox idi hələ onda. Test onlara çatmamışdı, ya da onlar testə çatmamışdılar deyək. Mən imtahan verəndə isə, test üsulunu tətbiq edən hökumət devrilmişdi artıq. Adamlar getmişdilər, əməlləri qalmışdı. Elə o əməllərin sayəsində də, mən və mənim kimi minlər özlərindən daha savadlı qardaşlarının, bacılarının edə bilmədiyini etmişdik. Ali məktəbə qəbul olmuşduq.

Universitet bitirəndən illər sonra Bakıda, bir tədbirdə gördüm Onu. Adı bizim qəlbimizin, beynimizin əzbəri idi. Şəkillərdən tanıyırdım deyə, üzünü görən kimi adı şeir kimi beynimdən dodaqlarıma axdı- Vurğun Əyyub. Yaxınlaşıb salamlaşdım, üzdən bir az sərt görsənirdi, ciddi görkəmi vardı. İlk dəfə onda Onu görərkən babamı xatırladım:

– Ay baba, sən saydığın adamların hamısı qaraqabaq, ağır xasiyyətli adamlardı axı.

– O ağır üzünü arxasındakı insanlığı görməmisən ona görə, a bala. Əsil kişi sifəti elə olar da.

Sonra bir dəfə yenə görüşdük, bu dəfə özümdə cəsarət tapıb, Ona illərdir ürəyimdə saxladığım təşəkkürümü çatdırdım. Ali təhsil almağımda onun təmsil etdiyi hökumətin və şəxsən özünün roluna görə. Gülümsünüb üzümə baxdı: “Bu bizim bu xalqa borcumuz idi. Tanrının çiynimizə qoyduğu missiya idi. Etməyə bilməzdik ki…”

“Əsil kişilər təvazökar olurlar. Özlərini dartıb dağ başına qoymurlar. Elədiklərini gözə soxmurlar, verdiklərini hər yerdə demirlər. Etdiklərinə görə xüsusi imtiyaz tələb etmirlər”- babamın öncə səsi, sonra çöhrəsi gözlərimdə canlandı…

Sonralar sosial şəbəkələr Onu bizə daha yaxın etmişdi. Bu həm də ona görə yaxşı idi ki, hamı illərlə ürəyində saxladığı minnətdarlıq hissini çatdıra bilirdi. Qəbul imtahanının nəticələri məlum olan gün, sosial şəbəkədə “Vurğun bayramı” yaşanırdı sanki. Hamı ona təşəkkür edir, minnətdarlıq bildirirdi.

Belə günlərdən birində facebookda status yazmışdım. Test üsulunun Vurğun Əyyubdan daha çox, Əbülfəz bəyin xidməti olduğunu qeyd etmişdim. Birinci şəxsin iradəsi olmadan bunun mümkünsüzlüyün yazmışdım. Bir az da uzağa gedib, Əbülfəz Elçibəy hökumətində bu islahatı həyata keçirəcək azı on nəfərin olduğunu demişdim. Rəy yazanlardan razılaşanlar da vardı, razılaşmayanlar da. Məni haqsızlıqda günahlandıranlar da var idi. Ara qarışan anda yetirmişdi özünü. Yazdığımın doğru olduğunu qeyd etmiş, amma kiçik bir düzəliş vermişdi: “10 nəfər elə bil bir az çox oldu, bəy…” Onu bu rəyi ilə aralıq sakitləşmiş, mən də “irəli getdiyimin” fərqinə varıb, haqq vermişdim Ona.
“Doğrunu deməkdən çəkinməzlər, qızışdıran yox, yatışdıran, sakitləşdirən olurlar. Sözlərinin çəkisi olur. Az danışsalar da, hamının dinləyəcəyi, eşidəcəyi sözləri deyərlər”- demişdi onda babam.

Sonralar arada görüşlərimiz, söhbətlərimiz olurdu. Daha doğrusu, mən Onu dinləyərdim. Danışdığı hər bir sözü, dediyi hər bir cümləni yaddaşıma yığmaq istərcəsinə dinlərdim. Hardan və nədən danışır danışsın, gözəl danışırdı, xoş idi. Əsasən hakimiyyət illərindən, tələbə qəbulundakı inqilabdan- test üsulunun tətbiqindən danışmasını istərdim. Söhbəti o tərəfə yönəldərdim.

“Bəy məndən soruşdu ki, nə qədər vaxt lazımdı? Üç aya bacararam- dedim. Deyəsən, bu cavabı gözləmirdi. Bir də soruşdu ki, “çatdıra biləcəksiz”, dedim, “əlbəttə bəy, şübhəniz olmasın”

Söz verilmişdi. Edəcəkdik. Ən xırda detallara qədər hesablayır, çıxa biləcək hər problemi əvvəlcədən nəzərə alırdıq. Hər şeyin nəzarətimizdə olması üçün imtahanların bir şəhərdə- Bakıda olması şərt idi. Amma deyəsən, şərtimizi pozmaq istəyənlər vardı. Xəbər gəldi ki, bəy səni çağırır. Getdim qəbula. Əvvəlcə işlərin necə getdiyi ilə maraqlandı. Sonra əsas məsələyə gəldi: “Naxçıvan məsələsi necə olacaq?”

Mən hiss edirdim ki, Əbülfəz Bəyə bu məsələylə bağlı nələrsə deyilib və kimlərsə Naxçıvan üçün imtahanların məhz Naxçıvanda keçirilməsini məqsədəuyğunluğu haqda fikir bildirib. Naxçıvanın blokadada olması, gediş-gəlişin çətinliyi ilə bağlı deyilənlər Bəyi də etkiləmişdi. Qərar vermə mərhələsindəydi. Anladım ki, mənim fikrimdən çox şey asılıdı. Amma əsaslı fikir deməliyəm. Bəy üçün, bizim komanda üçün həssas olan nöqtələrdən yola çıxıb fikir bildirməliyəm. Bəyin hələ ki, tam qərar verməmişdi, düzgün qərarın verilməsi üçün onu inandırmaq lazım idi”.

Söhbətin bu yerində əlini cibinə atıb siqaret çıxarır. Yuxarıya qalxan tüstü ilə bərabər mən də gözlərimi qaldırıb Onun gözlərinə baxıram. Siqaret tüstüsündən azca yaşarmış kimi görünən gözləri başım üzərindən divara tuşlanıb. O divarda gördüklərini danışır sanki. Bir anda o nəmli, ifadəli gözlərdən yayılan işıqla öncə öz sifəti, sonra siqaretinin tüstüsü daxil bütün otaq işığa bürünür sanki…

“Orada, bizdən uzaq Naxçıvanda, nəzarətimizdən kənar baş verə biləcək hər hansı ədalətsizlik, haqsızlıq məhz sizin adınıza yazılacaq. Deyəcəklər ki, öz yerlilərinə güzəşt elədi…”

Mənlə danışarkən belə sözləri elə inandırıcı, elə ürəkdən deyir ki, sanki elə indicə ölkə prezidentinin qarşısında oturub, onunla danışır.

“Əbülfəz bəyin üz ifadəsindən gördüm ki, nəticə lazım olan kimi olacaq. Qalır bircə həlli yolunu tapmaq. Vaxt itirmədən o yolu da dedim, çünki əvvəldən düşünmüşdüm bu haqda”.

Prezidentin tapşırığı ilə, AZAL şirkəti xüsusi reyslər ayırır. Naxçıvanlı abituriyentlər imtahandan əvvəl Bakıya gətirilib, imtahandan sonra isə Bakıdan Naxçıvana yola salınır.

“Haqqı-nahaqqın ayağına verməzlər. Gördükləri işi bütöv görər, ədalət naminə ən başdakı adama, rəislərinə belə fikriləşdiklərinin əksini deməz, yalan-yanlış söyləməz əsil kişilər” -babam “gəlmişdi” yenə…

Bir söhbətimizdə test üsulunun da çatışmazlıqlarının olduğunu, hər şeyin mükəmməl olmadığını, mənimlə birgə, x (iks) yaza bilməyən adamların riyaziyyat ixtisasında oxuduğunu, köçürüb qəbul olduqlarını dedim. Gülümsündü.

“Əlbəttə ki, var belə çatışmazlıqlar. Amma bu təkcə test üsulunun deyil ki, elə həm də insanların çatışmazlıqlarıdı. Mən bacımı imtahan verməyə qoymadım 92-də. Anam dedi mənə, cavabında dedim ki, olmaz. Heç sənəd də verməsin. Çünki, savadsız idi. Allah eləməsin, gedib köçürdüb eləyib qəbul olsa, mən gərək adam içinə çıxmazdım…” – Müəllim dərs verirdi. İnsanlıq dərsi, kişilik dərsi, haqq-ədalət dərsi.

“Necə ki, yadlar kimi, öz doğmasının da səhvini, çatışmayan cəhətini, yaxşısını-pisini çəkinmədən, üzünə deyər əsil kişilər”- Allah sənə rəhmət eləsin, ay dədə…

***

Qismət bizi Ankarada da görüşdürdü. Mən də həkim üçün qardaş ölkənin baş kəndindəydim. Vurğun müəllim də səhhətindəki problemlərlə bağlı gəlmişdi. Minlərlə insanın ali təhsil almasına, həkim olmasına şərait yaradan kişi, öz sağlamlığının əlacını ölkədən kənardakı həkimlərdə axtarmaq məcburiyyətindəydi – bu da ayrı bir dərd. Ankara səfərində onunla birgə olan, Vurğun bəyin də, mənim də yaxın dostum Anardan öyrəndim orda olduğunu. Mən indi Ankarada yaşayan şair Aqşin Yeniseylə birlikdə idim. Eşidən kimi də, görüşmək qərarı verdik, görüşdük. Anarın həm gözlərindən, həm də qırıq- qırıq dediyi sözlərdən anladım ki, vəziyyət heç də yaxşı deyil.

Gərək yaşayanda belə yaşayasan! Vurğun müəllim kimi, Vurğun Əyyub kimi! –

Müəllimi tibbi prosedurların verdiyi ağrıların əlindən qaçırdıb bir masanın ətrafına yığışdıq. Siqaret paçkasını cibimdən çıxarıb əvvəlcə Vurğun bəyə təklif elədim. Götürüb, “sən nə yaxşı oğlansan, ay Çingiz” deyə gülümsünəndə Anarın sifət ifadəsindən bildim ki, nəyisə səhv eləmişəm. Sən demə, həkim siqareti qadağan edibmiş, elə ilk görüşdəcə. Səhərdən Vurğun bəy istəsə də, Anargil nə siqaret almağa, nə də çəkməyə qoymurmuşlar…
Biz o gün Onu dinlədik. Dərələri dağlara, dağları çöllərə qarışdırdı. Ömrümüzün ən gözəl dərslərindən birini dinlədik, müəllimdən. Gah şeir dedi, gah sözlərin sehrindən danışdı, gah da xatirələrə boylandı. Arada hardan ağlıma gəldisə, Kələki haqda soruşdum. Üzünə kölgə çökdü bir anda.

“Mən Kələkiyə getmədim ki. Heç getmədim. Anam incidi məndən, ama yenə getmədim. Çünki, Bəyin gedişi incitmişdi məni… Bir dəfə kənddə olanda anam dedi ki, get Kələkiyə, Əbülfəz bəyi gör. Dedim ki, getməyəcəm. Anam dedi ki, Kələkiyə getmiyəcəksənsə bura da gəlmə: “Nə vaxt ora gedərsən, onda gəlib mənim görərsən”. Çıxdım gəldim Bakıya. Getməyəcəkdim, bu dəqiq idi. Amma anamçün də darıxacaqdım axı. Bir xeyli müddət keçdi. Bir neçə dəfə qardaşım gələndə dedi ki: “anam dinmir, heç zad demir, amma səndən yana darıxır, görürəm. Bir gəl kəndə”. Necə gedim e? Arvad deyib axı, Kələkiyə getməsən bura da gəlmə. Mənsə Kələkiyə getməmişəm. Nəysə ki, bir xeyli vaxt da keçdi. Gördüm olmur belə. Düşündüm arvadın başına bir iş zad gələr, özümü bağışlıya bilmərəm. Durub getdim kəndə. Həyət qapısına anam özü gəldi. Qapını açdı və soruşdu: “Kələkiyə gedibsənmi?” Başımı yox mənasında buladığımı görüb, “bəs buraya neyçün gəlibsən onda?” dedi və çönüb evə tərəf getdi. Mən də onun arxasıyca…”

“Əsil kişilər dediklərindən, haqq bildiklərindən heç vaxt dönmürlər…”

Məclisə çökmüş sakitliyi yenə özü pozdu

– Ay Çingiz, səni də bayaq təriflədim, dedim yaxşı oğlansan, ama hanı yeee???

Aydındı, müəllim siqaret istəyir. Əlimi cibimə atıram. Üzbəüzdən Anar gözlərini ağardır. Müəllim çönüb sakit nəzərlə Anara baxır. Anar nəsə sifariş vermək bəhanəsi ilə stoldan uzaqlaşmaqdan başqa çarə tapmır. Beləcə hamımızın işi düzəlir. Hətta Aqşin də xoşbəxtcə gülümsünüb, bir siqaret də o yandırır…
Məclisimiz gecə yarılaradək otelin lobbisində, çay stolunda davam elədi. Yenə şeirlər, bayatılar, sözlər, xatirələr…

O görüş mənim Vurğun bəylə son görüşüm oldu. Vaxtaşırı yazışıb kefini soruşsam da, Anardan hər düşəndə məlumat alsam da, ondan sonra görüşə bilmədim Vurğun müəllimlə. Vəziyyətini bildiyimçün incitməyə qıymadım.

Bəzən babamın iki əllik siyahısındakı kişilərdən kimsə rəhmətə gedirdi. Ondan sonrakı ilk görüşümüzdə babam harda olsa, yanına qaçıb soruşurdum ki: “dədə, əsil kişilərin sayı iki əlin barmaqlarını keçirmi yenə?” Özü də təlaşlanırdı sanki, saymağa başlayırdı. “Həəə… Boz Qafar doquuuz, Məhəmmədəli də ooon”- deyib, gülümsəyərək üzümə baxırdı. On oldumu, ta qalanını saymasan da olardı, əsas odur ki, iki əlin barmaqlarını keçsin kənddəki kişilər. Babam bunu belə demişdi, mən də elə məhz bu cür qəbul etmişdim. Bütün uşaqlığım, hətta yeniyetməliyim o qorxu ilə keçmişdi ki, birdən “əsil kişi sayı” babamın barmaqlarını keçməz. Düşünürdüm ki, onda nəsə, böyük fəlakət olar. Onda yaşamağa dəyməz…
Bir dəfə yenə “əsil kişi” söhbəti edəndə sual verdim ki:

– Dədə, əsil kişiləri hamı çox istəyir?

– Yox bala, hamı çox istəməz. Çox adam sevər əsil kişiləri, ama sevməyənlər də olar. Əsil kişilər işıqdı. Çörəyi qaranlıqdan çıxanlar işığı niyə sevsin ki?

Əlindəki ağaca söykənib ayağa qalxdı. Üzünü boşluğa tutub, əli ilə kəndin yuxarı başını, qəbiristanlığı göstərdi:

– Amma əsil kişilər öləndə, hamı üzülər, hamıııı…

***

Vurğun bəyi hər görəndə mən babamı xatırlayırdım. Vurğun bəy rəhmətə getmişdi, artıq görmürdüm, amma yenə də babamın dediyi o son sözlər qulağımda cingildəyirdi. Ölkə bütünlükdə buluda dönüb, Vurğun müəllimə yaş axıdırdı sanki. Hamı üzülürdü, hamı…
Dəfn üçün gələn maşınların çoxluğu yolda əməllicə tıxaca səbəb olmuşdu. Həyətdən çıxıb, yolda dayanmışdıq. Qabaq-qabağa dayandığımız maşından, dəfn üçün gələn izdihama, insan selinə baxan orta yaşlı bir kişi qeyri-ixtiyari mənə baxıb dedi:

– Öləndə də, belə öləsən e, deyirəm.

Bayaqdan bu sözü gözləyirmiş kimi, qeyri-ixtiyari cavab verdim:
– Yox qardaş, ölmək məsələsi deyil. Gərək yaşayanda belə yaşayasan! Vurğun müəllim kimi yaşayasan! Vurğun bəy kimi. Vurğun Əyyub kimi!!!

COP29

www.yenicag.az

1618
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv