Girovlar azad oluna bilər-Video
Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülən şəxslərin aqibəti barədə! Azərbaycan tərəfi Avropa Məhkəməsindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması və ya 3-cü ölkəyə verilməsilə bağlı müraciətinə cavab gözləyir. İşin gedişi barədə girovların hüquqlarını müdafiə edən vəkilin açıqlamasına görə, gözlənilən cavabın müsbət olacağına ümid və əsas çoxdur.
Ermənistan tərəfinin girov götürdüyü həmvətənlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal Azərbaycana və ya 3-cü ölkəyə təhvil verilməsi üçün Avropa İnsan Haqları Məhkəməsi qarşısında vəsatət qaldırılıb. Girovlarımızın huquqlarını müdafiə edən vəkil Anar Bağırov onlara edilən qeyri-insani rəftar, xarici görünüşləri, məhkəməyə gətirilmə foto və video görüntüləri, habelə, onların yaşayış və digər hüquqlarının pozulması ilə bağlı toplanan sübut və dəlilləri Avropa Məhkəməsinə təqdim etməyə hazırdı.
“Apardığımız araşdırma nəticəsində məlum olub ki, bir sıra dövlətlərə qarşı analoji işlər üzrə Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən müvafiq qərarlar qəbul edilib. Hesab edirik ki, iş tam perspektivlidir, inanırıq ki, bu məsələdə Avropa Məhkəməsi ədalətli mövqe nümayiş etdirəcək”, – deyə girovların vəkili Anar Bağırov bildirib.
Avropa İnsan Haqları Məhkəməsinə müraciət girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından, Həsən Həsənovun ermənilər tərəfindən öldürülməsilə bağlı şikayət isə yaxınlarının adından göndərilib. Vəkil tezliklə Avropa Məhkməsi ilə kommunikasiya yaranacağına inanır. Anar Bağırov söyləyir ki, Həsən Həsənov heç də erməni tərəfinin bəyan etdiyi kimi uzaq məsafədən açılan atəş nəticəsində deyil, işgəncə verilərək öldürülüb. Bununla bağlı məhkəmə tibbi ekpertizasının rəyi var. Bu materiallar da Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediləcək. Respublika Baş Prokurorluğunda Həsən Həsənovun qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlayıb. İstintaq hərəkətləri həyata keçirilir.
Erməni mətbuatı girovlarımızın qondarma rejimin qurama məhkəmə qərarından apellyasiya şikayəti verməsi barədə məlumat yaymışdı. Hesab edilir ki, bu Azərbaycan tərəfinin Avropa Məhkəməsinə şikayətindən sonra, ermənilər tərəfindən oynanılan növbəti tamaşadır. Vəkil Anar Bağırov hesab edir ki, bununla ermənilər guya qondarma rejimdə məhkəmə sisteminin, şikayət vermə institunun mövcudluğunu nümayiş etdirmək istəyiblər. Şahbaz və Dilqəm isə apellyasiya şikayəti barədə ərizəyə imza atmağa məcbur ediliblər. Dağlıq Qarabağda qurulan məhkəmə tamaşasında Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib.