“Gürcüstan ilə ABŞ arasındakı münasibətlərdən sonra Rusiya ilə münasibətlərin mahiyyəti barədə dəqiqləşmə olmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Mütəxəssis son günlər Gürcüstanla Rusiya arasında əlaqələrin bərpası ilə bağlı fikirlərini bölüşüb.
“Məsələ ondadır ki, gürcü ictimaiyyəti və hakimiyyəti Rusiya ilə əldə edəcəklərini həm özlərinə, həm də beynəlxalq ictimaiyyətə göstərməlidirlər. Bu isə işğalda olan ərazilərdə Gürcüstanın suverenliyinin bərpa olunması məsələsidir. Ona görə də Rusiya bu niyyətini göstərməli, Abxaziya və Cənubi Osetiyadan öz qoşunlarını çıxaracağını bəlli etməlidir”.
“Hazırda bunun mesajları verilir, amma ABŞ-nin hələlik ciddi cavab reaksiyasını görmürük. Təbii ki, bu, nisbi sakitlikdir və seçki dövründə nələrin olacağı bəlli olacaq. Əgər Rusiya deyilənləri edərsə, bunun qarşılığında ABŞ heç nə edə bilməyəcək. Hesab edirəm ki, proseslərin bu istiqamətdə getmə ehtimalı böyükdür. Rusiya Cənubi Qafqaza Qərbi buraxmamaq üçün bu addımı atmağa məcburdur. Əks halda, Qərbin regiona daxil olması üçün münbit şərait yaranacaq”, – fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ötən həftə Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstanla “sövdələşmə”nin mümkünlüyündən danışıb.
Nyu-Yorkda BMT Baş Assambleyasında keçirilən mətbuat konfransında çıxış edən XİN rəhbəri Gürcüstanda uzunmüddətli qarşıdurmanın həlli ilə bağlı razılaşmanın mümkün olduğunu bildirib. Lavrov söyləyib ki, Rusiya öz qoşunlarının Moskvanın dəstəklədiyi separatçı bölgələrdən – Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına səbəb ola biləcək kompromislərə açıqdır.
Bundan əvvəl ölkənin hakim “Gürcü arzusu” partiyasının Kremlpərəst qurucusu Bidzina İvanişvili isə söz vermişdi ki, Gürcüstan hakimiyyəti 2008-ci ildə Cənubi Osetiya ilə müharibəyə görə üzr istəməyə “güc tapacaq”. Onun sözləri bütün ölkədə etirazlara səbəb olmuşdu.
“Gürcü arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze bununla bağlı qeyd edib ki, Gürcüstan hökuməti Lavrovun bəyanatını müsbət qiymətləndirir.
“Rusiyanın barışığı alqışlaması və buna töhfə verəcəyi, şübhəsiz ki, müsbət haldır, lakin mən deyərdim ki, bu bəyanatlardan sonra təsirli addımlar atmaq yaxşı olardı”, – deyə o bildirib.
Gürcüstan müxalifəti isə rusiyalı diplomatın sözlərini təxribat və hakim partiya üçün biabırçılıq hesab edib.
“Lavrov, əlbəttə ki, “Gürcü arzusu” və Bidzina İvanişvili ilə birgə işlədiyini ifadəsi ilə təsdiqləyir. Lavrovun Gürcüstan hakimiyyətinin qondarma müstəqil dövlətlərlə əməkdaşlıq etmək istəyini bəyənməsi partiya üçün çox utancvericidir. Rusiya tərəfindən tanınan Gürcüstan hakimiyyəti üçün bundan böyük utanc ola bilməz”, – deyə müxalifətçi deputat Tamara Kordzaya vurğulayıb.
Rafi Müslümov
www.yenicag.az