Gürcüstanda “SOYDAŞ” Forumu keçirildi - FOTOLAR
Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Soydaş” Gürcüstan– 2023” adlı Forum keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı, qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digərləri çıxış ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov deyib ki, bu kimi tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. O, Forumun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Səfir qeyd edib ki, xaricdə keçirilən bu cür tədbirlər ölkələrarası əlaqələri daha da möhkəmləndirir və münasibətləri inkişaf etdirir.
Qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal çıxışı zamanı söyləyib ki, Türkiyə və Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir. O bildirib ki, hansı ölkədə yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə diplomatları milli maraqları naminə birlikdədirlər.
Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin bu kimi tədbirlər keçirməsi Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına misilsiz töhfələr verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Azərbaycan-Gürcüstan arasında media əlaqələrinin inkişafından, bunun formalaşmasında soydaşlarımızın rolundan danışıb.
Daha sonra A.Ələsgər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın qonaqlara təbrik müraciətini oxuyub.
Tədbir panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində “Azərbaycanla Gürcüstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrində soydaşlarımızın rolu” adlı birinci panel Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə icraçı direktoru Murad Muradovun moderatorluğu ilə keçirilib.
Paneldə Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynli və Ramiz Bəkirli, eləcə də professor Mahmud Kamaloğlu çıxış ediblər.
Media və kommunikasiya mütəxəssisi, doktorant Rəşid Mustafazadənin moderatorluğu ilə keçirilən “Media savadlılığı və Gənclər” adlı ikinci paneldə isə Aktual.ge-nin direktoru İlkin Hüseynov, 24news.ge-nin direktoru Azər Məmmədov, İnterprees.ge-nin direktoru Nahid Qurbanov və RealNews.ge -nin direktoru Almaz Nadiroğlu çıxış edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Soydaş” Gürcüstan– 2023” Forumuna və Azərbaycanla Gürcüstan arasında yüksək əlaqələrin inkişafına verdikləri
töhfələrə görə təltif olunma mərasimi keçirilib.















