Hakan Fidan və Zelenski bir arada: Suriya düyünü Türkiyədə açılır?
“Türkiyə regionda ciddi təsir imkanlarına malikdir və gələcəkdə Ukrayna–Suriya münasibətlərinin inkişafında onun rolu əhəmiyyətli olaraq qalacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi şərhçi Elşad Mirbəşirli deyib.

Siyasi şərhçi Türkiyənin XİN rəhbəri Hakan Fidan və Ukrayna Prezidenti Volodimir Zelenskinin Suriya kontekstində birgə gündəmə gəlməsinin əsas səbəblərini şərh edib.
O bildirib ki, indiki şərtlər daxilində Zelenski ilə Fidanın Suriya ilə bağlı ortaq hərəkətliliyi olduqca maraqlı və əlamətdar hadisədir:
“Xüsusilə nəzərə alsaq ki, Zelenski bu prosesdən öncə Türkiyədə rəsmi səfərdə olub, bu, Suriya–Ukrayna münasibətlərinin koordinasiyasında Türkiyənin mühüm vasitəçi rolunu oynadığını göstərir. 2024-cü ildə Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra Türkiyənin yeni rəhbərliklə münasibətlərinin daha da intensivləşdiyi müşahidə olunur.
Yeni hakimiyyətin nümayəndəsi Əhməd Əşşarə ilə Ankara arasında bir sıra məsələlər üzrə koordinasiya xüsusi diqqət çəkir. Bu baxımdan, Türkiyənin Ukrayna ilə Suriya arasında yeni münasibətlər modelinin formalaşmasında birbaşa iştirak etdiyi qənaətinə gəlmək olar”.
Elşad Mirbəşirlinin fikrincə, Ukrayna Yaxın Şərqdə əməkdaşlıq arealını genişləndirmək niyyətindədir və bu prosesdə Türkiyənin imkanlarından yararlanmağı məqsədəuyğun hesab edir. Regionda davam edən münaqişələr fonunda Suriya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığın müzakirə olunması da istisna deyil:
“Eyni zamanda, Ukrayna dünyanın aparıcı taxıl istehsalçılarından biridir və gələcəkdə Ukrayna taxılının Suriyaya ixracı məsələsi də gündəmə gələ bilər. Bu isə məsələnin həm iqtisadi, həm də geosiyasi aspektlərini daha da aktuallaşdırır”.
Siyasi şərhçi digər mühüm məqama da toxunub: Suriyada hakimiyyət dəyişikliyinə baxmayaraq, Rusiyanın ölkədə hərbi mövcudluğu hələ də davam edir. Bu baxımdan, Zelenskinin səfər çərçivəsində bu məsələni də diqqətdə saxlaması və Qərbin müəyyən mesajlarını Suriya tərəfinə çatdırması ehtimal olunur.
“Ümumilikdə, bu proses çoxvektorlu xarakter daşıyır və müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik komponentlərini özündə birləşdirir. Qlobal miqyasda gərgin proseslərin getdiyi bir dövrdə dövlətlər qarşılıqlı şəkildə mövqelərini uzlaşdırmağa çalışırlar.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Zelenski ilə birlikdə bu proseslərdə iştirak etməsi isə ayrıca diqqətəlayiq məqamdır. Bu, bir daha sübut edir ki, Türkiyə regionda ciddi təsir imkanlarına malikdir və gələcəkdə Ukrayna–Suriya münasibətlərinin inkişafında onun strateji rolu əvəzsiz olaraq qalacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













