Hakan Fidanın Rusiya–Ukrayna danışıqlarına qoşulması planlaşdırılır
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlara qoşulması planlaşdırılır.
Yenicag.az-ın məlumatına görə, bu barədə “RIA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbəyə istinadla xəbər verib.
Türkiyə XİN rəhbərinin danışıqlarda iştirak ehtimalı ilə bağlı sualı cavablandıran mənbə “qoşulması planlaşdırılır” cavabını verib.
Məlumata əsasən, danışıqlar başlamazdan əvvəl Hakan Fidanın çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələrinin görüşü bu gün Bakı vaxtı saat 14:00-da İstanbulun “Çırağan” sarayında keçiriləcək.
Rusiya nümayəndə heyətinin tərkibində Rusiya prezidentinin köməkçisi, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alır.