Hansı şair və yazıçıları tanıyırıq? – Sorğu
Ölkəmizdə hər ay onlarla kitab təqdimatı olur. Yazıçı və şairlərimiz öz əsərlərini oxucuları ilə tanış edir. “Bir növ, sosial mediada reklam edilir”-desək yanılmarıq. Müasir dövrün yazıçı və şairlərində daha çox Avropa ədəbiyyatına yaxın üslub özünü göstərir. Modern dövrün yazarlarının mücərrədlikdən uzaqlaşıb konkretliyə meyl etdiyini açıq-aydın əsərlərində hiss etmək olar.
Lakin Azərbaycanda çağdaş ədəbiyyatın oxucuları çox az bir qisimdir. Oxucular da, əsasən ədəbiyyat sahəsi ilə bağlı olan, yaxud elə bu sahədə çalışan insanlardır. Şair və yazıçılarımız sözün əsl mənasında oxucu qıtlığı ilə üzləşir. Bu tendensiya Azərbaycan yazıçısının, Azərbaycan şairinin, ölkəsində kifayət qədər tanınmamasındanmı irəli gəlir, yoxsa əsərləri oxucuların marağına səbəb olmurmu?
Yenicag.az saytı olaraq, gənclər arasında sorğu apardıq. “Azərbaycanın müasir yazıçı və şairlərindən kimi tanıyırsınız?” sualı ilə onlara müraciət etdik.
Aygün Quliyeva: “Azərbaycanın müasir yazıçılarından Çingiz Abdullayevi tanıyıram. Baxmayaraq ki, müasir deyil, Bəxtiyar Vahabzadəni də yüksək dəyərləndirirəm. Onun şeirlərini tez-tez oxuyuram”
Davud Mamedov: “Müasir yazıçılardan Seymur Baycanı qeyd edə bilərsiniz. Mən əsasən onun əsərlərini oxuyuram”
Fərid Feyzullayev: “Sizin müasir dediyiniz şair ve yazıçılar hansı yadda qalan şer ve romanları yazdılar ki , biz oxucuların yadında qalmadı”
Nəzmiyyə Piriyeva: “ Ədəbiyyata gəncliyin axını çox olduğu halda ortada oxunaqlı, düşündürücü bir əsər yoxdur. İl ərzində yüzlərlə kitab təqdimatı olur. Amma əlimizə aldığınız kitabın əvvəlinə baxan kimi, axırından iki cümlə oxuyub kifayətlənirik Son dövrlər Kamal Abdullanı əsərlərini və Anarın “Göz Muncuğu” kitabını oxuyuram. Ümumiyyətlə, hər iki yazıçını çox bəyənirəm. Qeyd edim ki, Sadiq Qarayevin “Sahilsiz təzadlar” kitabı da məni qane edir. Bu kitabdakı romanda bir çox maraqlı obrazlar yer alıb. Anar Rzayev və Kamal Abdulla hələ də mənim üçün müasirdir.
Elmin Nuri : “Qeyd edim ki, müasir Azərbaycan ədəbiyyatının dövrləşməsi çox oldu: 1970-80-cilər var, 90-cılar var bir də ən müasirlər var ki, biz də onun bir üzvüywk. Vaqif Bayatlı Odər, Ramiz Rövşən və Vaqif Səmədoğlu müasir poeziyanı yaratdılar. Daha sonra gələnlərdə isə bu üçünün izləri qaldı. Növbəti nəsil isə Salam Sarvan , Qulu Ağsəs, Aqşin Yeniseylə yadda qaldı. Ən müasirlərdən isə Qismət Rüstəmov, Aqşin Evren , Emin Piri, Esmira Məhiqızı imzalarını oxuyuram.Nəsrdə isə o qədər də inkişaf görünmür. Oxumaq istədiklərimin heç biri indiki nəsr əsərlərində yoxdur. Mən təbii ki, ən yeni dövr ədəbi gəncliyi nəzərdə tuturam”
Ramil Paşayev: “ Modern yazıçılardan Günel Mövlud, Aqşin Yenisey, Əli Əkbəri və Seymur Baycanı tanıyıram. Bunların hər hansı kitabını oxumamışam. Lakin mətbuatda çıxan bir çox məqalələrini oxuyuram”
Oral Mədənçi: “Günel Mövlud, Aqşin Yenisey, Qan Turalı, Qismət, Əsəd Qaraqaplan kimi yazıçı və şairlərin yaradıcılığı ilə maraqlanıram.”