Hüquq müdafiəçisi bıçaqlandı-Bakıda
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Şair Mübariz Məsimoğlu ilə birlikdə bıçaqlanan şəxsin adı da məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, bu, 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımovdur.
Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir və hüquq müdafiəçisidir.
Faktla bağlı hələlik saxlanılan yoxdur. Nizami Rayon Polis İdarəsindən bildiriblər ki, cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.