“I Avropa Oyunlarının büdcəsi üç hissəyə bölünüb”
“Bakıda keçiriləcək I Avropa Oyunlarının büdcəsi üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə – şəhərin infrastrukturu ilə bağlı olan xərclər”.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
“Avropa Oyunlarının əməliyyat büdcəsi 959 mln. manat, üstəgəl ehtiyat fonddan 1 mln. 154 min manat təşkil edib. Bu gün artıq büdcənin 60%-ə yaxını müxtəlif əməliyyat xərclərinə sərf olunub”, – deyə nazir bildirib.
Nazir bildirib ki, Olimpiya futbol stadionu 500 milyon manat, su idmanı növləri sarayı 200 milyon manatdan çox, atıcılıq mərkəzi 110 milyon manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hərəsi 50 milyon manata yaxın, Avropa Parkı 100 milyon manatdan az məbləğə başa gəlib:
“Manat və dolların məzənnə fərqi bir qədər dəyişdi və biz potensial olaraq, ölkə büdcəsindən daha çox pul istəyəcəyimizi düşünürdük, lakin fikrimcə, etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik. Yəni, başladığımız məbləğlə işləri başa çatdıra biləcəyik”.