Azərbaycanda daha bir dövlət agentliyi yaradılır.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmanla Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılır.
Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, həmçinin Agentliyin yenidən təşkili və ləğv edilməsi) həvalə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.
Agentlik “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlana müvafiq olaraq təsərrüfat və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentliyin nizamnamə fondu Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Nazirlər Kabineti Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitinin müvafiq hissəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındakı müvafiq əmlakın Agentliyin balansına verilməsini təmin etməlidir.
Eyni zamanda fərmanla İqlim Dəyişmələri və Ozon Mərkəzi, İqlim Bazası və Kommunikasiya Mərkəzi, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzi, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzi, İxtisaslaşdırma və İxtisasartırma İnstitutu, Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzi, Geofiziki Ekspedisiya, Şərq Geoloji Axtarış Ekspedisiyası, Qərb Geoloji Axtarış Ekspedisiyası, Geoloji Planaalma Ekspedisiyası və Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası, Samux Dövlət Ovçuluq Təsərrüfatı, Zooloji Park və Layihələrin İcra Qrupu ləğv edilir. Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurum yaradılır.
www.yenicag.az