!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən daha bir mühüm sərəncam

!Reklam – Yazi

nekroloq olke bascisiPrezident İlham Əliyev Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında sərəncam imzalayıb.

İqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunmuş, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artmış, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənmişdir.

Ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin və istehsal imkanlarının artması onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasını və tətbiqini zəruri edir.

Sərəncamda qeyd olunur ki, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

– Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etsin;

– həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaratsın;

– informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi ilə portalda “elektron kabinet” bölməsi yaratsın;

– malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirsin;

– yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etsin;

– bu sərəncamın 3-cü hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin etsin;

– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu sərəncamda nəzərdə tutulan portalın yaradılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400 min manat ayrılır.

Maliyyə Nazirliyi bu sərəncamın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi vahidlərində fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların bu sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirəcək və məlumatların mütəmadi olaraq yenilənərək aktual saxlanmasına nəzarət edəcəklər.

Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılır ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.

 

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv